Sosial müdafiə islahatları fənnində adını eşitdiyim və oxuduqca və uğur hekayələrini dinlədikcə bizim regionumuz, bizim ölkəmizlə əlaqələndirdiyim bir yanaşmanı sizinlə bölüşmək istəyirəm.
Gəlin əvvəla orada razılaşaq ki, bizim islahat aparmalı çox mövzumuz, çox sahəmiz var. Hələ mən təkcə sosial müdafiəni nəzərdə tuturam. Amma islahatlar o vaxt effektiv olur ki, onu nə etdiyini və nəticədə nə görmək istədiyini bilən adamlar icra etsinlər. Uğurlu islahat proqramları yaratmaq və ya onları icra etmək üçün isə bir neçə vacib biliyə yiyələnməliyik. Mənim fikrimcə onlardan biri də məhz Dağı tərpədən üçbucaqdır.
Burada Dağ – bizim həll etməyə çalışdığımız böyük problemdir (məs, yoxsulluq, səhiyyə xidmətlərinin çatışmazlığı, təhsilə əlçatanlığın az olması, əlilliyi olan şəxslərin məşğulluğu və s). Həmin dağı tərpədən üçbucaq isə 3 əsas amildən ibarət olan, həmin problem həll etməyə kömək edən yanaşmadır.
İstənilən islahatın uğurlu olması onun icrasında 3 amilin iştirakını tələb edir: 1) Biliyin yaradılması – yəni mövcud problemlə bağlı tədqiqatların, araşdırılmaların aparılması, yeni faktların ortaya çıxarılması, başqa ölkələrin/icmaların/təşkilatların uğurlu və uğursuz təcrübələrinin öyrənilməsi nəzərdə tutulur. Fikir verdinizsə, biz başqalarının uğurlu təcrübələrindən əlavə, həm də nəyi necə edəndə uğursuz olduqlarını öyrənirik. 2) Vətəndaş cəmiyyətinin iştirakçılığı – yəni mübarizə apardığımız problemin həlli istiqamətində çalışan hamının bir-birilə əməkdaşlıq etməsidir. Məsələn, əgər həll etməyə çalışdığımız problem X kəndində Səhiyyə xidmətinin olmamasıdırsa, o zaman biz hamı dedikdə həmin kənddə fəaliyyət göstərən icma təşkilatlarını, kəndliləri, səhiyyə sahəsində təhsil almış şəxsləri və s. nəzərdə tuturuq; 3) Siyasi iradə – icra etdiyimiz və ya etmək istədiyimiz islahatın nə olmasından asılı olmayaraq, mütləq qərar vericilər problemin həllində maraqlı olmalıdırlar, eləcə də bu işdə qollarını çirmələyib digər maraqlı tərəflərlə birlikdə çalışmalıdırlar.
Günün sonunda isə bu 3 amil bir-birilə əlaqəli şəkildə işləyir. Yaranmış yeni bilik və ya faktlar vətəndaş cəmiyyətini hərəkətə gətirir, qərarvericilərə daha savadlı və effektiv qərarlar verməyə kömək edir, vətəndaş cəmiyyəti qərarvericiləri sözün yaxşı mənasında irəli itələyir, eyni zamanda daha çox araşdırmanın aparılmasına təkan verir.
Dağı tərpədən üçbucaq yanaşmasının adı gələndə məhz Tailand yada düşür. Thailan 1999-cu ildə xəstəlik-fokuslu səhiyyə sistemini qısa bir müddətdə sağlamlıq-fokuslu səhiyyə sisteminə çevirə bilib. Mövcud səhiyyə sisteminin ehtiyacları ödəməməsini üzə çıxaran tədqiqatlardan, vətəndaş cəmiyyətinin səsini ucaltmasından sonra Thailandın baş naziri islahat proqramının hazırlanmasında və icrasında şəxsən marağının olduğunu ifadə edir və həm hökumət, həm də parliament qarşısında islahatları dəstəkləyir. Beləcə də, hamının mümkün hesab elədiyi dəyişiklik baş verir, oturuşmuş, lakin işə yaramayan system dəyişir.
Mənbələr:
- T. Thamarangsi, The “Triangle That Moves the Mountain” and Thai Alcohol Policy Development: Four Case Studies, 2009
- P. Wasi, Triangle that moves the mountain, WHO, 2015, retrieved from: https://www.who.int/hrh/en/HRDJ_4_2_06.pdf
- The triangle that moves the mountain: nine years of Thailand’s National Health Assembly, 2008-2016