Kimdən eşitdiyim yadıma gəlmir, amma heç vaxt ağlımdan çıxmayan bir cümlə var: “Başqalarına ötürmürüksə, sahib olduğumuz biliyin heç bir mənası yoxdur”. Təzə nə isə öyrənəndə qulağımda bu sözlər cingildəyir. 😊
Öyrətmək, bildiyimi ötürmək həvəsim özümdən də böyükdür. Hətta o qədər böyükdür ki, artıq ehtiyac səviyyəsinə gəlib çıxıb. Azərbaycanda yaşadığım müddətdə müxtəlif təlimlər, seminarlar vasitəsilə, eləcə də universitetdə işlədiyim müddətdə bu ehtiyacımı asanlıqla “ödəyə” bilirdim. Almaniyaya köçdükdən sonra həm özüm də tələbə olduğum üçün təkcə öyrənməyə fokuslandım, həm də bildiklərimi paylaşaraq çoxaltdığım mühitimdən uzaqlaşmış oldum. Sağ olsun onlayn təhsil, keçən semestrdən tədris həyatına geri dönə bilmişəm. Amma daha çoxunu necə edə bilərəm deyə düşünərkən, müzakirələr bizi sosial işçilər və sosial müdafiə işçiləri üçün də onlayn öyrənmə mənbələrinin olmamasına apardı.
Biz hərşeyoloq deyilik, ona görə ən yaxşı bildiyimiz, təhsilini aldığımız və təcrübə qazandığımız sahədən yazacağıq – Sosial iş Məktəbinin bütün paylaşımları sosial iş, sosial müdafiə, sosial siyasət, xidmətlər və bu sahədə aparılan tədqiqatlarla bağlı olacaq.
Ölkəmizdə sosial iş təhsili 15 ildir aparılır, bu müddətdə sosial iş, sosial müdafiə, sosial siyasət sahəsində dilimizdə ədəbiyyatın, tədqiqatın, məqalələrin, ixtisaslı mütəxəssislərin sayı kifayət qədər olmalı idi, lakin hələ də artan təkcə tədrisi aparan universitetlərin sayıdır. Bəzi universitetlərdə sosial iş proqramı bağlanmış digər proqramların yerinə açılıb, universitetlər isə müəllimlər işini itirməsin deyə onları sosial iş proqramlarında dərs deməyə cəlb ediblər. Sosial iş təhsili ilə əlaqəmiz olduğu son 10 il ərzində müşahidə etdiyimiz odur ki, peşəkar sosial işçi olmadan təhsil proqramı keyfiyyətli olmur. Başqa sahələrdə ixtisaslaşmış müəllimlər ya sosial işdə tədris etdikləri halda bu sahə üzrə özlərini inkişaf etdirmirlər, ya inkişaf etdirməyə vaxtları və imkanları yoxdur, ya da dilimizdə oxunulası materialın azlığı nə müəllimlərə, nə də tələbələrə özlərini inkişaf etdirməyə imkan vermir. Əslində ixtisaslı sosial işçiləri də universitetlərə cəlb etmək o qədər də asan deyil. Səbəblər isə uzun bir siyahı təşkil edir. Ona görə də biz sosial iş təhsilinin inkişafı üçün yol axtaranda belə bir dalana girmiş oluruq, bir dairənin içində dönürük, dönürük bir yerə çıxa bilmirik.
Bu platformanı yaratmağımızın məqsədi həm bu sahədə təhsil alanlar, həm müəllimlər, həm də sosial müdafiə, sosial xidmətlər sahəsində çalışan mütəxəssislərin özlərini daimi inkişaf etdirə bilmələri, vacib nəzəriyyələr, siyasətlər və s. haqqında dilimizdə məlumat ala bilmələrini təmin etməkdir. Biz tədris etdiyimiz müddətdə bütün mühazirələri dünyanın nüfuzlu universitetlərində istifadə olunan ədəbiyyatları istifadə etməklə tərtib edirik. Lakin iş elə gətirib ki, biz hələ heç bir universitetdə bir fənni iki dəfə tədris edə bilməmişik, ya universitetdən ayrılmaq məcburiyyətində olmuşuq, ya da növbəti il bizə başqa fənn tapşırılıb. Tərtib etdiyimiz mühazirələrin başqa müəllimlər tərəfindən istifadə olunub-olunmadığını bilmirik. Amma bütün materialların daha böyük auditoriyalara, daha çox insana çatmalı olduğuna inanırıq və həmin mühazirələrin hamısı bu platformada paylaşılacaq.
Əsas məqsədimiz isə hər zamanki kimi ölkəmizdə sosial işi inkişaf etdirməklə əhalinin daha keyfiyyətli, daha peşəkar sosial xidmət almasını təmin etməkdir. Sosial iş Məktəbi bu dənizdə bir damcı da olsa nə xoş!
Bu vebsayt və sosialishmektebi@gmail.com email adresi vasitəsilə bizə təkliflərinizi və rəylərinizi yaza bilərsiniz. Sizin təklif və rəyləriniz Sosial iş Məktəbini ehiyaclara əsaslanan platforma olmasına kömək edəcək.