Sosial sahədə iş yoxsa sosial iş?

Bu yazımda 2 istiqamətli söhbət olacaq. İlk olaraq, müxtəlif sferalarda qarşılaşdığım sosial işlə bağlı miflər və bunlara qeyd-şərtsiz inanan və özlərini bunlara inandıran insanlar, 2-ci sırada isə sosial sahədə işləyərkən əldə etdiyim təcrübələrlə bağlı yazacağam. Əvvəlcədən deyim ki, bu yazıda ixtisasçı olanları əsəbiləşdirəcək, lakin həqiqətən baş vermiş məsələlər olacaq. İlk cümləmdə qeyd etdiyim müxtəlif sferalar dedikdə iş mühiti, sosial mühit (bu mühitdə xüsusilə, tanışlarımla söhbət zamanı mənə aydın olan məsələləri aid edirəm) və digər sferaları nəzərdə tutmuşam.

Gəlin, etiraf edək ki, sosial işçilər olaraq ixtisasımız haqqında sıfır məlumatı olan insanların özgüvənli şəkildə ixtisasımız haqqında danışmaqlarına xeyli təəssüflənir və qəzəblənirik. Və bəzən elə situasiyalarla qarşılaşmışam ki, o cümlələr yaddaşıma yazılıb və inanmıram ki, o cümlələr yadımdan çıxa…

“Pediatriyanı bitirmişəm, sosial işçiyəm.”

Bəli, yuxarıdakı cümləni düz oxudunuz. Bu cümlə işlədiyim müddətdə sosial işçi vakansiyası ilə bağlı gələn müraciətlərin birində qeyd olunmuşdu. Amma bu cümlədə “pediatriya” sözü zamanla başqa müraciətlərdə başqa sözlərlə əvəz olundu. Məsələn: idarəetmə, pedaqogika, fəlsəfə və unutduğum digərləri. Hər bu halla qarşılaşanda qəzəbim 5 idisə, 10 olurdu. Lakin bu qəzəbdən bir nəticə çıxarmalı idim. Bu da məqsəd oldu. Hazırda məqsədim üçün bu məqaləni yazıram. Məqsədimi tam şəkildə ifadə etməliyəmsə, bu belədir: “Sosial işi düzgün şəkildə cəmiyyətə tanıtmaq”. Oxuduğum kitabların birində belə deyirdi: “ Hara aid olduğumu heç vaxt tapa bilmədim, amma hara aid olmadığıma qərar verdim”. Bu cümlə ilə məqsədimi əlaqələndirərək bildirmək istəyirəm ki, sosial işdə diletant (Hər hansı sahədə xüsusi hazırlığı, sistematikliyi olmadan məşğul olan adamlar diletant adlandırılır) şəxslərlə eyni mühitdə olmaqdan qaçmayacağam. Çünki bu asan yoldur, hansı mühitdə bu insanlarla qarşılaşmağımdan asılı olmayaraq, o mühitdə qalıb onlarla mübarizə aparmalıyam. Mübarizə aparmağım bəllidir ki, çox çətin və uzun prosesdir. Amma kiçik hədəflər qoymaq lazımdır. Buna görə də bu sahənin inkişafı üçün cəmiyyəti sosial iş barədə düzgün məlumatlandırmaq ilə bağlı işlər aparmalıyam.

Sosial işi sosial sahədə işdən fərqləndirən nədir? Məgər sosial iş sahədə iş görmür ki?

Bu sualları izahlı, addım-addım cavablamaq istəyirəm.

Sosial sahədə iş dedikdə sosial sferada lazımi nəzəri biliyi olmadan da könüllü şəkildə müxtəlif məqsədlərlə bağlı aparılan iş nəzərdə tutulur. Məsələn: Siz öz ətrafınızda olan tanışlarınız, dostlarınızla birgə müəyyən büdcə toplayaraq aztəminatlı ailələrə maddi dəstək göstərə bilərsiniz. Təbii ki, alqışalayiq addımdır. Lakin bu, sosial iş deyildir. Sosial işçi heç bir benefisiarına maddi dəstək göstərmir. Amma siz sosial işçi olaraq o situasiyada olsanız, ilk olaraq ailənin problemlərini – maddi, psixoloji, emosional, məşğulluq, əlillik, icmaya adaptasiya kimi məsələləri müəyyənləşdirər, ailəni lazımi istiqamətdə yönləndirər, bir növ səlahiyyətləndirmə xarakterli iş apararsınız. Amma bu göründüyü qədər bəsit və rahat deyildir.

Sosial iş varsa, bu işi görən sosial işçi varsa, onun məşğul olduğu məsələ və problemlər vardır. Unutmayaq ki, əgər bir problem varsa, biz ona yalnız mikro səviyyədə baxmamalıyıq. Mikro, mezo və makro səviyyədə işləyən sosial işçilər vardır və ya olmalıdır.

Mikro səviyyə: fərdi ehtiyacların və xüsusiyyətlərin nəzərə alınmasıdır. Yəni sosial işçi birbaşa benefisiarla kontaktda olur, fərdi ehtiyaclarını və şəxsin (ailənin) xüsusiyyətlərini qiymətləndirir. Müdaxilə planı hazırlayır. Bu məqamda haşiyədən çıxım ki, sosial işçi öz istəyi ilə heç bir şəxslə iş apara bilməz. Ən azından bu şərt bizim ölkədə belədir. Şəxs öz istəyi ilə sosial işçiyə müraciət edir.

Mezo səviyyə: Bu səviyyədə sosial işçinin fəaliyyət istiqaməti: qrup və ya icma əsaslı təşkilatlar. Məsələn: icma əsaslı reabilitasiya mərkəzləri.

Makro səviyyə: Bu səviyyədə sosial işçinin fəaliyyət istiqaməti odur ki, problemlərin həll edilməsi üçün cəmiyyət, qanunvericilik və ya sosial siyasət səviyyəsində işlər həyata keçirilir. Misal olaraq ahıl şəxslərin müdafiəsi üçün sosial proqramın hazırlanmağı kimi fəaliyyəti nümunə göstərmək olar.

Yuxarıda adı çəkilən səviyyələrdən ona görə danışdım ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gedərək ahıllarla vaxt keçirə, onlar üçün kitab oxuya və onlara dəyərinizi göstərə bilərsiniz. Bildirim ki, bunu edirsinizsə, bu sizin əsl insan olmağınızdan xəbər verir. Amma sosial işçi deyilsinizsə, elə bununla yetinin. Çünki sosial işdə belə bir prinsip var:

“Kömək edə bilmirsənsə, toxunma” – bu prinsip haqqında sosial işçilər məlumatlıdır. Çünki onlar bu işə dırnaqarası yox, professional yanaşırlar. Yuxarıda göstərilən ahıl şəxslərlə sosial iş məsələsində isə müdaxilə planı mikro, mezo, makro səviyyələrdə sosial işçilərin işidir.

​Bu yaxınlarda sosial mövzuların biri ilə bağlı təlimdə olarkən özünü sosial işçi kimi tanıdan, səthi məlumatlarla (Məsələn: 1) əlil yox, əlilliyi olan şəxs, 2) zorakılığın növlərini əzbərləmək kimi məlumatlar) özünü professional adlandıran şəxslərlə birlikdə diskussiyada idim. Və bir daha anladım ki, bu kimi insanlar təməl məlumatları olmaqla düşünürlər ki, sosial işin aşağıdakı metodlarını bilmədən də sosial işçi olmaq olar:

• Keys işi

• Sosial qrup işi

• İcma işi

• Sosial iş tədqiqatı

• Sosial rifah

• Sosial fəaliyyət

Təbii ki, yuxarıda sadalanan metodlar sadəcə bir nümunədir. Sosial işdə nəzəriyyələr, metodlar, etik prinsip və dəyərlər, sosial işçinin məsuliyyət və vəzifələri, sosial iş həyata keçirilən müxtəlif fokus qrupları ilə işin mahiyyəti, şəxslərin emosional, psixoloji vəziyyətləri və digər sahəyə aid olan nəzəri biliklərə sahib, kvalifikasiya olmadan sadəcə empatiya ilə sosial iş həyata keçirilə bilməz.

​Nə başınızı ağrıdım, bu məsələ ilə bağlı xeyli danışa bilərəm. Amma məqsədim həm bu sahədə diletantları azaltmaq, həm də sosial xidmət üçün müraciət edən vətəndaşın belə sosial xidmətçi və sosial işçi ilə fərqini anlamağıdır. Mən bu yolda təşəbbüs göstərib bu məqaləni yazaraq addımımı atdım, bu addımda bu məqaləni “Social Work Awareness” adı altında ətrafınızla paylaşaraq dəstək göstərmək isə oxuyanlara qalıb.

Müəllif: Nərmin Quluzadə, sosial işçi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: