Amartya Sen: İNKİŞAF AZADLIQ KİMİ

İnkişaf azadlıqdır, bu fikir dövrümüzün bəlkə də ən böyük inkişaf mütəfəkkiri olan Amartya Senin fikridir. Əsrlər boyunca, inkişafla bağlı çox sayda nəzəriyyələr mövcud olmuşdur. 1998-ci ildə Nobel mükafatı laureatı Amartya Senin fikrincə azadlıq inkişafın ilkin obyekti və əsas vasitəsidir. 

Sen iqtisadiyyat üzrə Hindistan və Asiyada ilk Nobel  mükafatı laureatıdır. Nobel mükafatını qazanarkən Sen İsveç Kral Elmlər Akademiyası tərəfindən “rifah iqtisadiyyatına verdiyi töhfələrə” və həyati vacib iqtisadi problemlərin müzakirəsində “etik ölçü”nü bərpa etdiyinə görə yüksək qiymətləndirilib. Senə görə, inkişaf demokratiya və insan hüquqlarının qorunması ilə gücləndirilir. Bu haqqlara misal olaraq, söz, vicdan, sərbəst toplaşma və mətbuat azadlığını misal göstərə bilərik. Bu haqqlar dürüst, təmiz, yaxşı hökumətin olma ehtimalını artırır. O iddia edirdi ki, dünya tarixində demokrasiyanın formalaşmasında heç bir aclıq baş verməyib. Bu ona görədir ki demokratik hökümətlərin seçkilərdə qalib gəlməyə və ictimai qınaqla üzləşməyə, aclıq və digər fəlakətlərin qarşısını almaq üçün tədbirlər görməyə gücü olmalıdır. 

İnkişaf insan azadlığının genişləndirilməsi prosesidir. Bu proses insanlara  elə həyat qurmağa kömək edir ki, onların yaşamaq üçün həqiqi səbəbləri olsun. 

Bu səbəbdən inkişaf məhkumluğun əsas mənbələrinin aradan qaldırılmasını tələb edir: yoxsulluq və tiranlıq, zəif iqtisadi imkanlar, sosial məhrumiyyətlər, repressiv dövlətlərin dözümsüzlüyü yaxud həddən artıq fəallığı. Sen iddia edirdi ki, bir-biri ilə bağlı 5 növ azadlıq mövcuddur: siyasi azadlıq, iqtisadi imkanlar, sosial imkanlar, şəffaflıq və təhlükəsizlik. Dövlət vətəndaşları ictimai təhsilin təşkili, səhiyyə, sosial təhlükəsizlik şəbəkələri, yaxşı makroiqtisadi siyasətlər, məhsuldarlıq və ətraf mühitin qorunması ilə təmin etməklə azadlıqların dəstəklənməsində rola malikdir. İnsanların nəyə nail ola biləcəyinə iqtisadi imkanlar, siyasi azadlıqlar, sosial güclər və yaxşı sağlamlıq imkanları, minimum təhsil və təşəbbüslərin təşviqi və inkişafı təsir edir. Sen hesab edir ki, Asiya və Şimali Afrikadakı qadınlara da eyni sağlamlıq imkanları göstərilsə idi, dünyada 100 milyon qadın daha çox olardı. Senin fikrincə “bacarıqların məhdudlaşdırılması” yoxsulluğun müəyyən olunması üçün aşağı gəlirdən daha yaxşı bir tədbirdir. Yüksək ÜDM həyat səviyyəsinin əksər tədbirlərində inkişafa səbəb olsa da, istisnalar möcuddur. Aşağı ÜDM’li adam başı gəlirin aşağı olduğu bəzi ölkələr, Məsələn Şri Lanka, Çin və Hindistanın Kerala vilayətində orta ömür uzunluğu və savadlılıq səviyyəsi Brazilya, Cənubi Afrika və Nabiya kimi zəngin ölkələrlə müqayisədə daha yüksəkdir. Həmçinin Afro-Amerikanlar Çin və Hindistanın bölgələrindəki kişilərdən daha aşağı ömür sürürlər, baxmayaraq ki, Afro-Amerikanların orta real gəlirləri xeyli yüksəkdir. 

Bəziləri azadlığı siyasi sabitliyə və inkişafa potensial maneə kimi görürlər. Onlar azadlığı, təşəbbüsü və sahibkarlığı boğmaq, fərdi təşkilatın işini və fəaliyyətini və fərdi agentliyin işini və korperativ fəaliyyətini məhdudlaşdırmağı tövsiyə edir. Amartya Sen Sinqapurun keçmiş baş naziri Li Kuan Yuya və onun siyasi repressiyalara haqq qazandırmaq üçün istifadə edilən Asiya dəyərləri nəzəriyyələrinə etiraz edir. Senə görə bir-birindən çox fərqli əhali və adət-ənənələrə malik və dünya əhalisinin 60%-ni təşkil edən Asiya dəyərləri yoxdur. Həmçinin Dani Rodrikin də dediyi kimi, avtoritar rejimlərin iqtisadi göstəriciləri ya çox yaxşı, ya da çox pisdir- bu əsasən çox pis olaraq qiymətləndirilir. Əksər demokratiyalar isə orta yeri tutur.

Bəs necə oldu ki, Şərqi Asiyanın dinamik iqtisadiyyatı bu qədər sürətlə inkişaf etdi?  Sen dövlətin məktəb təhsili, səhiyyə xidməti, torpaq islahatı və mikrokredit şəklində təqdim etdiyi sosial imkanları vurğulayır. Bu iqtisadiyyat bazara girən fərdlərin uğurlarına arxalanırdı. İqtisadiyyatın bu növu demokratik olmasa da, Korea, Tayvan və Tayland zamanla daha demokratik oldu. Sen Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) insan inkişafı ilə bağlı düşünməsində, o cümlədən insan inkişafının üç əsas ölçüsündə ölkədə orta naliyyətləri ölçən birləşmiş indeks olan İnsan İnkişafı İndeksinin (İİİ) yaradılmasında mühüm rol oynamışdır. İnkişaf dedikdə doğuş zamanı gözlənilən orta ömür uzunluğu və sağlam yaşam, böyüklər üçün nəzərdə tutulmuş savadlılıq səviyyəsi, ibtidai, orta və ali təhsil ocaqları üçün ümumi qəbul göstəriciləri, alıcılıq qabiliyyəti ABŞ dolları ilə adambaşına düşən ÜDM ilə ölçülən həyat səviyyəsi nəzərdə tutulur. İnsan inkişafı konsepsiyası tək bir indeksin ölçə biləcəyindən daha geniş olmasına baxmayaraq, İİİ insan rifahının ölçülməsi üçün güclü bir alternativ təqdim edir. 

Sen BMTİP ilə 2004-cü il İnsan İnkişaf Hesabatı “Bu günkü dünyada mədəni azadlıq” mövzusunda sıx əməkdaşlıq edirdi.  Bu hesabat iddia edir ki, insan inkişafının mühüm elementi mədəni azadlıq və ayrıseçkiliyə məruz qalmadan mədəni dəyərlərini həyata keçirmək azadlığıdır.  Mədəni azadlıqlar əsasən insan hüquqları və 21-ci əsrdə getdikcə dəyişən cəmiyyətinin inkişafı üçün qəbul edilməlidir. Bütün insanlar öz etnik, dil və din azadlıqlarını qorumaq hüququna malik olmalıdır.   İqtisadi qloballaşma mədəni azadlıqların qorunmadığı və hörmət edilmədiyi şəraitdə uğur qazana bilməz, mədəni müxtəlifliyə qarşı ksenofobik davranışlar müəyyən olunmalı və aradan qaldırılmalıdır. 

Senin dedikləri ilə bağlı çox az adam mübahisə edə bilər. Faktiki olaraq, bir çox müşahidəçilər onun düşüncələrini bayağı hesab edirlər. Lakin əsas problem öz vətəndaşlarına azadlıq verməyən dövlətləri necə dəyişmək olar məsələsidir. Senin bunlar bağlı bəzi tövsiyələri var.

Üstəlik, azadlıq kəsirləri hələ də mövcud olmağa davam edir və bu vəziyyət geriyə doğru dəyişə bilər. Siyasi azadlıqlar ABŞ və Yaponiya, həmçinin Avropa oliqarx gücləri şəxsi maraq siyasəti ilə kompromisə gəlməyə çalışırlar. Proteksionizm geniş bir anlayışdır, xüsusi ilə Yaponiya və Avropada kiçik və orta iqtisadi azadlığı məhdudlaşdırır. Zənginlərin səhiyyə və təhsil xidmətlərinə yoxsullara nisbətən çıxışı daha yaxşı olduğu üçün sosial imkanlar məhduddur. Sen milli azadlıqlar məsələsində bizlər üçün yaxşı xidmət göstərmişdir. Bu məsələlər nə qədər çox müzakirə edilərsə bir o qədər yaxşıdır. Lakin inkişaf böyük dəyişiklər tələb edir. Daha fundamental olaraq, Amartya Sen fərdi azadlıqların cəmiyyətdəki roluna toxunmur,  birlikdə azad yaşamaq üçün hər kəs bəzi azadlıqlarından məhrum olmalıdır/imtina etməlidir.

Müəllif:

Con Vest

İcraçı Direktor

Asian Century Institute

www.asiancenturyinstitute.com

Ədəbiyyat siyahısı: 

– Amartya Sen. Development as Freedom. 1999

– United Nations Development Programme (UNDP). Human Development Report 2004, “Cultural Liberty in Today’s Diverse World”.

Tərcümə edən:

Nazilə Quliyeva, Sosial İş Məktəbi

Mənbə: https://www.asiancenturyinstitute.com/development/333-amartya-sen-on-developmentas-freedom#:~:text=Development%20is%20the%20process%20of,they%20have%20reason%20to%20live%E2%80%9D 

Dağı tərpədən üçbucaq

 

Sosial müdafiə islahatları fənnində adını eşitdiyim və oxuduqca və uğur hekayələrini dinlədikcə bizim regionumuz, bizim ölkəmizlə əlaqələndirdiyim bir yanaşmanı sizinlə bölüşmək istəyirəm.

Gəlin əvvəla orada razılaşaq ki, bizim islahat aparmalı çox mövzumuz, çox sahəmiz var. Hələ mən təkcə sosial müdafiəni nəzərdə tuturam. Amma islahatlar o vaxt effektiv olur ki, onu nə etdiyini və nəticədə nə görmək istədiyini bilən adamlar icra etsinlər. Uğurlu islahat proqramları yaratmaq və ya onları icra etmək üçün isə bir neçə vacib biliyə yiyələnməliyik. Mənim fikrimcə onlardan biri də məhz Dağı tərpədən üçbucaqdır.

Burada Dağ – bizim həll etməyə çalışdığımız böyük problemdir (məs, yoxsulluq, səhiyyə xidmətlərinin çatışmazlığı, təhsilə əlçatanlığın az olması, əlilliyi olan şəxslərin məşğulluğu və s). Həmin dağı tərpədən üçbucaq isə 3 əsas amildən ibarət olan, həmin problem həll etməyə kömək edən yanaşmadır.  

İstənilən islahatın uğurlu olması onun icrasında 3 amilin iştirakını tələb edir: 1) Biliyin yaradılması – yəni mövcud problemlə bağlı tədqiqatların, araşdırılmaların aparılması, yeni faktların ortaya çıxarılması, başqa ölkələrin/icmaların/təşkilatların uğurlu və uğursuz təcrübələrinin öyrənilməsi nəzərdə tutulur. Fikir verdinizsə, biz başqalarının uğurlu təcrübələrindən əlavə, həm də nəyi necə edəndə uğursuz olduqlarını öyrənirik. 2) Vətəndaş cəmiyyətinin iştirakçılığı – yəni mübarizə apardığımız problemin həlli istiqamətində çalışan hamının bir-birilə əməkdaşlıq etməsidir. Məsələn, əgər həll etməyə çalışdığımız problem X kəndində Səhiyyə xidmətinin olmamasıdırsa, o zaman biz hamı dedikdə həmin kənddə fəaliyyət göstərən icma təşkilatlarını, kəndliləri, səhiyyə sahəsində təhsil almış şəxsləri və s. nəzərdə tuturuq; 3) Siyasi iradə – icra etdiyimiz və ya etmək istədiyimiz islahatın nə olmasından asılı olmayaraq, mütləq qərar vericilər problemin həllində maraqlı olmalıdırlar, eləcə də bu işdə qollarını çirmələyib digər maraqlı tərəflərlə birlikdə çalışmalıdırlar.

Günün sonunda isə bu 3 amil bir-birilə əlaqəli şəkildə işləyir. Yaranmış yeni bilik və ya faktlar vətəndaş cəmiyyətini hərəkətə gətirir, qərarvericilərə daha savadlı və effektiv qərarlar verməyə kömək edir, vətəndaş cəmiyyəti qərarvericiləri sözün yaxşı mənasında irəli itələyir, eyni zamanda daha çox araşdırmanın aparılmasına təkan verir.

Dağı tərpədən üçbucaq yanaşmasının adı gələndə məhz Tailand yada düşür. Thailan 1999-cu ildə xəstəlik-fokuslu səhiyyə sistemini qısa bir müddətdə sağlamlıq-fokuslu səhiyyə sisteminə çevirə bilib. Mövcud səhiyyə sisteminin ehtiyacları ödəməməsini üzə çıxaran tədqiqatlardan, vətəndaş cəmiyyətinin səsini ucaltmasından sonra Thailandın baş naziri islahat proqramının hazırlanmasında və icrasında şəxsən marağının olduğunu ifadə edir və həm hökumət, həm də parliament qarşısında islahatları dəstəkləyir. Beləcə də, hamının mümkün hesab elədiyi dəyişiklik baş verir, oturuşmuş, lakin işə yaramayan system dəyişir.

Mənbələr:

  1. T. Thamarangsi, The “Triangle That Moves the Mountain” and Thai Alcohol Policy Development: Four Case Studies, 2009
  2. P. Wasi, Triangle that moves the mountain, WHO, 2015, retrieved from: https://www.who.int/hrh/en/HRDJ_4_2_06.pdf
  3. The triangle that moves the mountain: nine years of Thailand’s National Health Assembly, 2008-2016

SOSİAL MÜDAFİƏ SİSTEMİNDƏ SOSİAL İŞÇİLƏRİN YERİ VƏ ROLU

Sosial müdafiə nədir?

BMT-in Sosial iş üzrə tədqiqat institutu sosial müdafiəni belə izah edir:

Sosial müdafiə insanların rifahına mənfi təsir edən hadisələrin qarşısının alınması, idarə edilməsi və aradan qaldırılmasını təmin edən mexanizmdir.

Hər bir dövlətin ən ümdə vəzifələrindən biri əhalinin sosial müdafiəsinin təminatıdır. Sosial müdafiə ilə təmin olunmaq insanın hüquqlarından biri olmaqla yanaşı həmçinin güclü dövlət quruculuğu, vətəndaş və dövlət arasındakı əlaqənin, inamın formalaşdırılmasında vacib rol oynayır.

Sosial müdafiə həmçinin yoxsulluq və bərabərsizliyin azaldılması, insan kapitalı və məhsuldarlığının artırılması ilə inklüziv inkişafın dəstəklənməsi, yerli bazarda təklifin artırılması və milli iqtisadiyyatın transformasiyasında və inkişafında həll edici rola sahibdir.

Beynəlxalq ədəbiyyata baxsaq, bir çox müəllifin sosial müdafiənin əsas vəzifəsinin yoxsulluğun aradan qaldırılması olduğunu hesab etdiyini görərik. Əvvəllər, iqtisadi inkişafla bağlı bütün siyasi diskursdakı yanaşma belə idi – əsas problem yoxsullardır, onlar olmazsa iqtisadi inkişaf baş verər. Müasir inkişaf paradiqmasına görə isə yoxsulların əsas problem deyil, əksinə iqtisadi inkişafa çatmaq üçün həll yoludur. Bir çox ölkə məhz sosial müdafiə proqramlarına sərmayə qoymaqla, yoxsulluğun qarşısının alınması və azaldılmasına fokuslanmaqla daha çox və sürətli iqtisadi inkişafa nail ola bilmişdir.

Yəqin ki, yoxsulluq xətti haqqında eşitmisiniz. Yoxsulluq xətti insanın minimum tələbatlarının ödənməsi üçün lazım olan maddi ehtiyaclara bərabər götürülür və əgər insanlar cəmiyyəti bir piramida kimi düşünsək, yoxsulluq xəttindən aşağıda olan insanlar yoxsul sayılırlar. Sosial müdafiə isə o xəttdən aşağıda olan insanları yuxarıya daşımaq, onları və yuxarıda olan digərlərini yoxsulluq xəttindən aşağı düşməməsini təmin edən proqram və xidmətlərin toplusudur. Bu proqram və xidmətlər həmçinin insanlara kömək edir ki, onlar həyatda üzləşdiyi bütün risklərin və şokların ödəsindən təkbaşına gəlsinlər və yoxsul olmasınlar. Bu risk və şokların ödəsindən təkbaşına gələ bilməyənlər üçün isə xüsusi sosial müdafiə proqramları olur ki, bu və digər risklə başa çıxmaq üçün insan dəstək ala bilsin.

Sosial müdafiəni kim təmin edir?

Mən tələbə olanda ilk dəfə bu sualı professorumdan eşidəndə “dövlət təmin edir” cavabını vermişdim. Daha sonralar öz tələbələrimdən də bunu soruşanda demək olar ki, hamı “dövlət təmin edir” və “dövlət təmin etməlidir” cavabını veriblər.  Düzdür, sosial müdafiəni təmin etmək dövlətin başlıca vəzifəsidir, lakin sosial müdafiə proqramları və xidmət eyni zamanda qeyri-hökumət təşkilatları (və ya vətəndaş cəmiyyəti təşkilatları), icma qurumları və biznes qurumları (sığorta şirkətləri, nəhəng işəgötürən şirkətlər), dini təşkilatlar (eləcə də məscid, kilsə və s.), icma, qohumlar tərəfindən də təmin edilə bilər.

Sosial müdafiə nəyə lazımdır?

Başımıza gələcək bəzi risk və şoklarla təkbaşına mübarizə aparmaq mümkün deyil. Bir çox hallarda bu mövzuda bütün müdaxilələr məhz kollektiv əmək tələb edir. Məsələn, sığorta sistemi qurmaq üçün mütləq qrup şəklində insan lazımdır, tək bir nəfər üçün sığorta sistemi yaratmaq mümkün deyil. Bəzi sosial müdafiə mexanizmləri kollektiv şəkildə daha effektiv olur. Məsələn, yas və ya toy zamanı yoxsul ailələrə maddi yardım. Bu ümumiyyətlə çox qədim tarixə malik olan sosial müdafiə mexanizmidir. Əsrlər boyunca icmalarda yas və toy zamanı, eləcə də başqa vacib hadisələr zamanı ev sahibinə dəstək olmaq məqsədilə icma üzvləri maddi və ya qeyri maddi yardım edirlər (pul verirlər, ərzaq məhsulları verirlər). Başqa bir misal, bəzi riskdən müdafiə alətlərini yaratmaq tək bir şəxsin marağı və gücü xaricində ola bilər, məsələn hava praqnozu mexanizmi, çayın daşmasının zərərini azaltmaq üçün qurulan bəndlər, torpaq sürüşməsinin qarşısını almaq üçün qurulan terraslar və s. hər biri ictimai bir əmtəədir və onları yaratmaq bir kollektivin işi və marağı daxilindədir.

Yəni, sosial müdafiə təkcə yoxsulluq və işsizlikdən qorunmaq üçün deyil, eləcə də insanları yoxsullaşdıracaq bütün risklərin (əllillik, təbii fəlakətlər, müharibələr, qarşısını almaq üçün lazımdır.

Sosial müdafiənin strukturu necədir?

Sosial müdafiə dedikdə ağla ilk gələn məşğulluq xidmətləri, müavinatlar və pensiyalar olsa da əslində sosial müdafiə olduqca geniş əhatə dairəsinə malikdir. Sosial müdafiə insanları xəstəlik (sağlamlıq sığortası, müvəqqəti işdən uzaqlaşmağa görə müavinat, işəgötürənin hesabına məzuniyyət hüququq), əlillik (müavinatlar, ortopedik ləvazımatlar, sosial evlər və s), işsizlik (müavinat, işsizlikdən sığorta, məşğulluq xidməti və s.), yaşlılıq (pensiya, sosial evlər, baxım evləri, günərzi qayğı mərkəzləri, məişət xidmətləri və s.), ölüm (ailə başçısını itirməyə görə müavinatlar, bəzi ölkələrdə yas müavinatı və s.), təbii fəlakətlər zamanı dəstəkləyir (eləcə də onların potensial şoklarından qoruyur, insan kapitalına yatırım edir (təlim, ixtisaslaşma və s.), yoxsulluqdan müdafiə edir və yoxsulluqdan çıxartmağa çalışır.

Sosial müdafiə proqramları necə maliyyələşdirilir?

Sosial müdafiə əhalinin vergiləri, sosial ayırmalar, beynəlxalq və yerli maliyyə qurumlarının ianə və qrantları, maliyyə kreditləri hesabına maaliyyələşdirilə bilər.

Sosial işçilər sosial müdafiədə hansı rolu oynayırlar?

Sosial işçilərin zəngin bilik və bacarıqlar bazası onları sosial müdafiə sisteminin açar fiqurlarından biri edir. Onlar xidmətlərin həssas təbəqəyə çatdırılmasında, əhalinin bütün mövcud sosial müdafiə proqramları haqqında maarifləndirilməsində, ehtiyacların müəyyənləşdirilməsində, sosial müdafiə proqramlarının dayanıqlılığının təmin edilməsində, əhali arasında həmrəyliyin artırılmasında, eləcə də ən həssas əhali qrupları üçün müvəkkilliyin həyata keçirilməsində iştirak edirlər. Onlar həm qərarvericilik həm də əhali ilə bir başa işdə vacib yer tuturlar.

Ədəbiyyat siyahısı

  1. Bonilla Garcia and Gruat, Social Protection, ILO, Geneva, 2003 retrieved from https://www.ilo.org/public/english/protection/download/lifecycl/lifecycle.pdf
  2. Chicon et al, Financing Social Protection, ILO, 2004, retrived from
  3. The role of socıal work ın socıal protectıon systems: the unıversal rıght to socıal protectıon, IFSW, 2016 retrived from https://j8g.short.gy/omd4Wt