Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş Məktəbinin əməkdaşlığı çərçivəsində 15-16 mart tarixlərində “Beynəlxalq Sosial İş” gününə həsr olunmuş “Forum teatr” təlimi təşkil edilmişdir. Təlim mütəxəssis Leyla Məmmədxanlı tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmişdir. İki gün müddətində baş tutmuş bu təlimin əsas məqsədi cəmiyyətin müxtəlif həssas təbəqələrinin sosial problemlərinə daha fərqli baxış bucağını formalaşdırmaq və bu problemlərin həlli üçün interaktiv iş üsullarının öyrədilməsidir.
Belə ki, təlimin ilk günü təlim iştirakçılarının birgə müzakirəsi və qeyri-formal təlim metodlarından istifadə edilərək təlim ilə bağlı nəzəri biliklərin mənimsənilməsinə önəm verilmişdir. Təlimin ikinci günü isə məhz sosial problemlərin iştirakçılarla birgə həlli, bu problemlərlə üzləşmək və çıxış yolu tapmaq məqsədiylə forum teatr təşkil edilmişdir. Təlim müxtəlif universitetlərdə sosial iş ixtisasında təhsil alan sosial işçilərin iştirakı ilə baş tutmuş və sonda iştirakçıların sertifikatla təltif olunması ilə yekunlaşmışdır.
Sonda xatirə şəkli çəkilmiş və səmimi söhbət çay süfrəsi ətrafında davam etmişdir.














































