SOSİAL İŞ TARİXİNİN 9 ƏN NÜFUZLU QADINI

Sosial iş illər  boyu bir çox qadın pionerlərin davamlı dəyişikliklər etdiyi bir peşədir. Bu qadınların və qadınların tarixi ayının şərəfinə, biz sizə dünya tarixindəki 9 ən nüfuzlu qadın sosial işçiləri tanıtmaq istəyirik. 

1) Annamaria Kampanini – Professor Kampanini Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının prezidenti, Avropa Sosial İş Tədqiqatı Şəbəkəsinin həm-təsisçisidir. O, İtalyanın Parma Universitetində Sosial iş üzrə bakalavr, Urbino Universitetində Sosiologiya üzrə magistratura, Trieste Universitetində Sosial işin nəzəriyyə və metodologiyası üzrə doktorantura təhsili almışdır. Professor Kampanini Milan Bicocca Universitetində sosial iş və sosiologiya üzrə tədris aparmaqla yanaşı, həmçinin İtaliyada və bütün dünyada Sosial iş təhsilinin təkmilləşdirilməsi, bu sahədə tədris prosesini həyata keçirən mütəxəssislərin, tədqiqatçıların təcrübələrini paylaşması üçün müvafiq platformaları istiqamətində əvəzsiz rola malikdir. 

2) Fransis Feldman (Frances Feldman) (1913-2008) – Frances Feldman Kaliforniya Universitetinin professoru və sosial iş pioneri idi. O 1970-ci illərdə xərçəng xəstələrinin iş yerində ayrı seçkiliklə üzləşdiyini göstərən əsaslı tədqiqat aparmışdı. Onun araşdırması işə götürənlər və iş yoldaşlarının xərçəngdən xilas olmuş şəxslərə sərt hətta qeyri-qanuni  tez-tez sərt tətbiq etdiyinə dair ilk sistematik  sübutlar  təmin etmişdir. Milli Sosial işçilər Federasiyasına görə, bəzi ştatlarda təhsilə görə ədalətli əmək qanunveriliciyinə dəyişikliklər edilib. 50 ildən çox Feldman işin və həyatın sosial və psixoloji mənalarını araşdırdı. 

3) Qreys Koyle (Grace Coyle) (1892-1962) – Qreys Koyle sosial iş praktikasında qrup işini inkişaf etdirilməsində və populyarlaşdırılmasında olan roluna görə çox məşhurdur. Onun ən tanınmış məqalələri Təşkilatlanmış qruplarda sosial proses (1930), Qrup təcrübələri və demokratik dəyərlər (1947) və Sosial işçilərin peşəkar təhsilində sosial elmlər (1958) və s.dir.

4) Meri Riçmond (Mary Ellen Richmond) (1961-1938) – Sosial işin peşəkarlaşdırılması və standartlaşdırılması üçün çalışan ilk sosial işçilərdən biridir. O, sosial işi idarə etmək üçün ilk prinsip bəyənatını yaratmış və onun çox məşhur çıxışlarından biri 1897-ci ildə olan Milli Xeyriyyə və düzəlişi konfransında olmuşdur. Meri Riçmond burada sosial işçiləri yetişdirmək üçün məktəblərə səslənərək, onları sosial iş sahəsində standartlar yaratmağa çağırır. Onun “Sosial diaqnoz” adlı kitabı özündə hüquq, tibbi, psixologiya, psixiatriya və tarixi əks etdirən ilk sosial işlə bağlı kitab olmuşdur.

5)  Edit Abot (Edith Abbott) (1876-1957) – Nebraska vətəndaşı olan Sosial iş sahəsində magistratura və iqtisadiyyat sahəsində doktorluq dərəcəsi olan, Çikaqo Univetsiteti və London İqtisadiyyat məktəbdində təhsil almış Edit Abbot akademik karyerasının çox hissəsini Çikaqo Universitetində Sosial Xidmət Administasiyası məktəbinin dekanı vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə 1935-ci il Sosial Təminat Aktının yazılmasına kömək etmiş, və Çikaqo Universitetinin aktual sosial problemlər və sosial rifah siyasətləri üzrə orijinal tədqiqat nəşrinə həsr olunmuş “Sosial Xidmət İcmalı” jurnalını yaratdı. O həmçinin Prezidenlərdən biri olan Franklin D.Rooseveltin müşaviri olmuş Harry Hopkinsin məsləhətçisi və daha sonra Amerika Sosial iş Məktəbləri Asossasiyasının və Milli Sosial iş Konfransının prezidenti olmuşdur. 

6) Fransis Perkins (Frances Perkins) (1880 – 1965) – Frances Perkins D. Ruzveltin dövründə əmək naziri vəzifəsində çalışan Prezident Kabinetinin üzvü olan ilk qadın olmuşdur. Əmək islahatlarının ömürlük çempionu, Perkins minimum əmək haqqı haqqında qanunun qəbuluna əhəmiyyətli töhvə vermiş, həmçinin o Milli Əmək Münasibətləri Aktı, Ədalətli Əmək Standartları Aktı və Sosial Təhlükəsizlik Aktını hazırlayanlardan idi. Əmək Departamentinin Vaşinqtondakı qərargahı indi onun adınadır.

7) Alis Solomon (Alice Solomon) (1872 – 1948) – alman sosial islahatçısı və sosial işin akademik disiplin kimi inkişafının əsas pionerlərindən biri idi. 1920-ci ildə o Almaniyada Qadınların Sosial və Pedaqoji Fəaliyyəti üzrə Almaniya Akademiyasını yaratdı. Akademiyanın spikerləri arasında Albert Enşteyn, Karl Qustav Yunq və Helen Veber kimi məhşur simalar var idi. 1920-30-cu illərdə o, Almaniyada yoxsulların sosial və iqtisadi vəziyyəti ilə bağlı 13 monoqrafiya yayımlamışdı. 1933-cü ildə o Nazilər tərəfindən öz yəhudi kimliyinə görə təzyiqlərə məruz qaldı və Nyu Yorka köçməli oldu. Onun Almaniya vətəndaşlığı və bütün elmi dərəcələri əlindən alındı, ABŞ-da isə o, yenidən vətəndaşlıq aldı, 1944-cü ildən ömrünün sonunadək Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasiyasının və Beynəlxalq Qadınlar Federasiyasının prezidenti vəzifəsində çalışdı. 

8) Işıl Bulut – Professor Bulut Türkiyənin məhşur Hacettepe Universitetinin ilk sosial iş məzunlarından biridir. O, Türkiyədə sosial işin bir sıra sahələri üzrə ilk tədris proqramlarını yaratmış, müxtəlif yenilikci metodların istifadəsini təşviq etmişdir. Onun əsas təcrübə sahələri arasında klinik sosial iş, qruplarla sosial iş, psixodram, psixiatrik sosial iş, ailələrlə sosial iş, əlilliyi olan şəxslərlə sosial iş kimi müxtəlif sosial iş sahələri var. Işıl Bulut Başkent Universitetində 20 ildən çox Sosial işi tədris etməklə yanaşı, həmçinin, erkən nikahın qarşısının alınması onun ən önəm verdiyi sahələrdən biridir. Prof.Bulut yerli xüsusiyyətlərə uyğun ailə qiymətləndirilməsi ailəti yaratmışdır və həmin alət həm tədqiqatçılar, həm də sosial işçilər tərəfindən istifadə olunmaqdadır. 

9) Ceyn Adams (Jane Addams) (1860-1935) – Bəlkə də düynada ən məşhur və ən çox anılan qadın sosial işçi olan Ceyn Addams dünyanın ilk yaşayış evlərindən birini – Çikaqoda məşhur Hull House-u qurmuş və 1931-ci ildə Nobel Sülh Mükafatını almışdır. O, özü də Hull Houseda kömək etməyi düşündüyü (hədəflədiyi) insanlar arasında yaşayırdı, Çikoqonun yoxsullarının problemləri ilə yaxından tanış oldu və müvafiq olaraq evin servisləri arasına kitabxana, gimnaziya, yetişkinlər və uşaqlar üçün dərs otaqları və s. var idi.  Onun insanlarla işi Çikaqo Təhsil Şurasında və İdarəetmə Məktəbi Komitəsində növbəti vəzifəsini qazanmasına səbəb oldu. O, Çikaqo Vətəndaşlıq və Xeyriyyəçilik Məktəbini qurdu və Milli Xeyriyyə və İslahatlar Konfransının ilk qadın prezidenti oldu. Daha sonra Qadın Sülh Partiyasının və Haaqada Qadınların Beynəlxalq Sülh Konqresinin prezidenti oldu.

Bu qadınların hamısı akademik, siyasət, peşəkarlaşma və sülh sahəsində tarixi nailiyyətlərə doğru irəliləyərək sosial işçi kimi təcrübələri ilə öz arzu və istəklərini reallaşdırdılar. Bir çoxları məşhur karyeralarına sosial iş üzrə magistr dərəcəsi qazanmaqla başladılar. İllər sonra belə, onların əməyi qiymətləndirilir, qoyduqları miras dünyada on minlərlə sosial işçinin yoluna işıq saçmağa davam edir. 

Mənbələr: https://msw.usc.edu/mswusc-blog/9-most-influential-women-in-the-history-of-social-work/ 

https://en.wikipedia.org/wiki/Alice_Salomon

Tərcümə və əlavə: Sosial İş Məktəbi

SOSİAL SAHƏDƏ İŞ YOXSA SOSİAL İŞ?

Sosial sahədə iş yoxsa sosial iş?

Bu yazımda 2 istiqamətli söhbət olacaq. İlk olaraq, müxtəlif sferalarda qarşılaşdığım sosial işlə bağlı miflər və bunlara qeyd-şərtsiz inanan və özlərini bunlara inandıran insanlar, 2-ci sırada isə sosial sahədə işləyərkən əldə etdiyim təcrübələrlə bağlı yazacağam. Əvvəlcədən deyim ki, bu yazıda ixtisasçı olanları əsəbiləşdirəcək, lakin həqiqətən baş vermiş məsələlər olacaq. İlk cümləmdə qeyd etdiyim müxtəlif sferalar dedikdə iş mühiti, sosial mühit (bu mühitdə xüsusilə, tanışlarımla söhbət zamanı mənə aydın olan məsələləri aid edirəm) və digər sferaları nəzərdə tutmuşam.

Gəlin, etiraf edək ki, sosial işçilər olaraq ixtisasımız haqqında sıfır məlumatı olan insanların özgüvənli şəkildə ixtisasımız haqqında danışmaqlarına xeyli təəssüflənir və qəzəblənirik. Və bəzən elə situasiyalarla qarşılaşmışam ki, o cümlələr yaddaşıma yazılıb və inanmıram ki, o cümlələr yadımdan çıxa…

“Pediatriyanı bitirmişəm, sosial işçiyəm.”

Bəli, yuxarıdakı cümləni düz oxudunuz. Bu cümlə işlədiyim müddətdə sosial işçi vakansiyası ilə bağlı gələn müraciətlərin birində qeyd olunmuşdu. Amma bu cümlədə “pediatriya” sözü zamanla başqa müraciətlərdə başqa sözlərlə əvəz olundu. Məsələn: idarəetmə, pedaqogika, fəlsəfə və unutduğum digərləri. Hər bu halla qarşılaşanda qəzəbim 5 idisə, 10 olurdu. Lakin bu qəzəbdən bir nəticə çıxarmalı idim. Bu da məqsəd oldu. Hazırda məqsədim üçün bu məqaləni yazıram. Məqsədimi tam şəkildə ifadə etməliyəmsə, bu belədir: “Sosial işi düzgün şəkildə cəmiyyətə tanıtmaq”. Oxuduğum kitabların birində belə deyirdi: “ Hara aid olduğumu heç vaxt tapa bilmədim, amma hara aid olmadığıma qərar verdim”. Bu cümlə ilə məqsədimi əlaqələndirərək bildirmək istəyirəm ki, sosial işdə diletant (Hər hansı sahədə xüsusi hazırlığı, sistematikliyi olmadan məşğul olan adamlar diletant adlandırılır) şəxslərlə eyni mühitdə olmaqdan qaçmayacağam. Çünki bu asan yoldur, hansı mühitdə bu insanlarla qarşılaşmağımdan asılı olmayaraq, o mühitdə qalıb onlarla mübarizə aparmalıyam. Mübarizə aparmağım bəllidir ki, çox çətin və uzun prosesdir. Amma kiçik hədəflər qoymaq lazımdır. Buna görə də bu sahənin inkişafı üçün cəmiyyəti sosial iş barədə düzgün məlumatlandırmaq ilə bağlı işlər aparmalıyam.

Sosial işi sosial sahədə işdən fərqləndirən nədir? Məgər sosial iş sahədə iş görmür ki?

Bu sualları izahlı, addım-addım cavablamaq istəyirəm.

Sosial sahədə iş dedikdə sosial sferada lazımi nəzəri biliyi olmadan da könüllü şəkildə müxtəlif məqsədlərlə bağlı aparılan iş nəzərdə tutulur. Məsələn: Siz öz ətrafınızda olan tanışlarınız, dostlarınızla birgə müəyyən büdcə toplayaraq aztəminatlı ailələrə maddi dəstək göstərə bilərsiniz. Təbii ki, alqışalayiq addımdır. Lakin bu, sosial iş deyildir. Sosial işçi heç bir benefisiarına maddi dəstək göstərmir. Amma siz sosial işçi olaraq o situasiyada olsanız, ilk olaraq ailənin problemlərini – maddi, psixoloji, emosional, məşğulluq, əlillik, icmaya adaptasiya kimi məsələləri müəyyənləşdirər, ailəni lazımi istiqamətdə yönləndirər, bir növ səlahiyyətləndirmə xarakterli iş apararsınız. Amma bu göründüyü qədər bəsit və rahat deyildir.

Sosial iş varsa, bu işi görən sosial işçi varsa, onun məşğul olduğu məsələ və problemlər vardır. Unutmayaq ki, əgər bir problem varsa, biz ona yalnız mikro səviyyədə baxmamalıyıq. Mikro, mezo və makro səviyyədə işləyən sosial işçilər vardır və ya olmalıdır.

Mikro səviyyə: fərdi ehtiyacların və xüsusiyyətlərin nəzərə alınmasıdır. Yəni sosial işçi birbaşa benefisiarla kontaktda olur, fərdi ehtiyaclarını və şəxsin (ailənin) xüsusiyyətlərini qiymətləndirir. Müdaxilə planı hazırlayır. Bu məqamda haşiyədən çıxım ki, sosial işçi öz istəyi ilə heç bir şəxslə iş apara bilməz. Ən azından bu şərt bizim ölkədə belədir. Şəxs öz istəyi ilə sosial işçiyə müraciət edir.

Mezo səviyyə: Bu səviyyədə sosial işçinin fəaliyyət istiqaməti: qrup və ya icma əsaslı təşkilatlar. Məsələn: icma əsaslı reabilitasiya mərkəzləri.

Makro səviyyə: Bu səviyyədə sosial işçinin fəaliyyət istiqaməti odur ki, problemlərin həll edilməsi üçün cəmiyyət, qanunvericilik və ya sosial siyasət səviyyəsində işlər həyata keçirilir. Misal olaraq ahıl şəxslərin müdafiəsi üçün sosial proqramın hazırlanmağı kimi fəaliyyəti nümunə göstərmək olar.

Yuxarıda adı çəkilən səviyyələrdən ona görə danışdım ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gedərək ahıllarla vaxt keçirə, onlar üçün kitab oxuya və onlara dəyərinizi göstərə bilərsiniz. Bildirim ki, bunu edirsinizsə, bu sizin əsl insan olmağınızdan xəbər verir. Amma sosial işçi deyilsinizsə, elə bununla yetinin. Çünki sosial işdə belə bir prinsip var:

“Kömək edə bilmirsənsə, toxunma” – bu prinsip haqqında sosial işçilər məlumatlıdır. Çünki onlar bu işə dırnaqarası yox, professional yanaşırlar. Yuxarıda göstərilən ahıl şəxslərlə sosial iş məsələsində isə müdaxilə planı mikro, mezo, makro səviyyələrdə sosial işçilərin işidir.

​Bu yaxınlarda sosial mövzuların biri ilə bağlı təlimdə olarkən özünü sosial işçi kimi tanıdan, səthi məlumatlarla (Məsələn: 1) əlil yox, əlilliyi olan şəxs, 2) zorakılığın növlərini əzbərləmək kimi məlumatlar) özünü professional adlandıran şəxslərlə birlikdə diskussiyada idim. Və bir daha anladım ki, bu kimi insanlar təməl məlumatları olmaqla düşünürlər ki, sosial işin aşağıdakı metodlarını bilmədən də sosial işçi olmaq olar:

• Keys işi

• Sosial qrup işi

• İcma işi

• Sosial iş tədqiqatı

• Sosial rifah

• Sosial fəaliyyət

Təbii ki, yuxarıda sadalanan metodlar sadəcə bir nümunədir. Sosial işdə nəzəriyyələr, metodlar, etik prinsip və dəyərlər, sosial işçinin məsuliyyət və vəzifələri, sosial iş həyata keçirilən müxtəlif fokus qrupları ilə işin mahiyyəti, şəxslərin emosional, psixoloji vəziyyətləri və digər sahəyə aid olan nəzəri biliklərə sahib, kvalifikasiya olmadan sadəcə empatiya ilə sosial iş həyata keçirilə bilməz.

​Nə başınızı ağrıdım, bu məsələ ilə bağlı xeyli danışa bilərəm. Amma məqsədim həm bu sahədə diletantları azaltmaq, həm də sosial xidmət üçün müraciət edən vətəndaşın belə sosial xidmətçi və sosial işçi ilə fərqini anlamağıdır. Mən bu yolda təşəbbüs göstərib bu məqaləni yazaraq addımımı atdım, bu addımda bu məqaləni “Social Work Awareness” adı altında ətrafınızla paylaşaraq dəstək göstərmək isə oxuyanlara qalıb.

Müəllif: Nərmin Quluzadə, sosial işçi

SOSİAL İŞ HAQQINDA BİLMƏLİ OLDUQLARIMIZ

Bu yazıda sosial iş ixtisası üzrə bakalavr təhsili alan şəxs kimi ixtisas, daha doğrusu bu ixtisasda təhsil aldığım illərdə üzləşdiyim bir sıra məqamları bu ixtisası seçməyi fikirləşənlər, çox qərarsız qalan abituriyentlər və eyni zamanda 1-ci kurs tələbələri üçün bölüşməyə çalışacağam. Eyni zamanda sırf bu yazının qəlibi üçün bir balaca fərqli olsa da, ən çox üzləşdiyim və aktuallığını qoruyan məsələlərə toxunmağa çalışacağam. Qeyd etdiyim kimi fikirlərim spesifik olaraq daha çox bu ixtisası seçməyi fikirləşənlərə fokuslanıb. Qeyd olunanlarla yanaşı yazıda sosial iş ixtisasını seçmək istəyənlər və tərəddüd edənlər üçün heç bir təbliğat və ya anti-təbliğat aparılmamışdır.  

İlk əvvəl qeyd etməliyəm ki, bu yazı bir qədər fərqli istiqamətdə də yazıla bilər, mən isə subyektiv olaraq məqalənin hədəf qrupunu gözümdə canlandıraraq məhz ilkin bilməli olduğumuz vacib məqamları paylaşıram. Aşağıda oxuyacaqlarınızı yazan zaman bizim bunları dəfələrlə müzakirə etdiyimizi (bu sahədə təhsil alan şəxslərlə və.s) ona görə təkrar qeyd etməli olmadığımı hesab edirdim, amma daha sonra ixtisas haqqında məlumatı olmayan və bu ixtisas haqqında fikirləşən şəxsləri nəzərə alaraq yazını bir qədər sadələşdirmək və konkretləşdirmək  qərarına gəldim. 

“Sosial iş, praktikaya əsaslanan bir peşə, sosial dəyişikliyi və inkişafı, sosial birliyi və insanların gücləndirilməsi, səlahiyyətləndirilməsini təşviq edən bir akademik fəaliyyətdir. Sosial ədalət, insan hüquqları, kollektiv məsuliyyət və müxtəlifliyə hörmət prinsipləri sosial işin əsasını təşkil edir. Sosial elmlər, humanitar elmlər və yerli bilik nəzəriyyələri tərəfindən dəstəklənən sosial iş, insanları və strukturları çətinliklərin həllində və rifahı artırmaq üçün səfərbər edir.” Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən verilən bu tərifə əlavə olunur ki, tərifin miqyasını milli və regional səviyyədə genişləndirmək mümkündür.

Tərifi bir qədər ümumiləşdirsək, qeyd edə bilərik ki, sosial iş cəmiyyətin sosial rifahının yüksəldilməsinə yönələn peşəkar fəaliyyət növüdür (ixtisasdır). Sosial işçi-vətəndaşlarla dövlət qurumları, xidmətlər və mövcud resurslar arasında əhəmiyyətli rola malikdir. Sözsüz ki, bu təriflər, ümumi məlumatlar və nəzəri biliklər real təcrübələrin əhəmiyyətini kifayət qədər ifadə etmir. Məhz buna görə də ixtisas seçərkən əvvəlcədən bu haqda məlumat toplasaq belə, daxil olub davam etdirdikdən sonra özümüzü bu sahədə görməyə bilərik və bu normaldır.   

Mən Bakı Dövlət Universitetində Sosial İş üzrə bakalavr təhsili almışam. Təhsil almazdan əvvəl ixtisas barədə məlumatım var idi və buna əsasən bu ixtisası yazmaq qərarına gəldim. Amma bu haqda qismən məlumat heç də gələcəkdə üzləşəcəyimiz real təcrübələri əvəz edə bilmir, məhz buna görə daha geniş məlumat və hətta müxtəlif situasiyalarla üzləşmək lazım ola bilir. Sosial iş, sosial iş təhsili ilə bağlı təcrübələrim, öyrəndiklərim daha çox universitetdə təhsil aldığım müddət də daxil olmaqla  paralel olaraq iştirak etdiyim bir çox əlaqəli qeyri-formal təhsil növləri, Azərbaycan Sosial İş İctimai Birliyindəki fəaliyyətim, bu sahədə təhsil alan və peşəkar olaraq fəaliyyət göstərən mütəxəssislərlə əlaqələr vasitəsilə formalaşıb. Bütün bunlar çox əhəmiyyətli olaraq formal təhsildən daha çox istiqamət verib və yeni təcrübələr qazandırıb. 

Yadımdadır ki, 6-7 il əvvəldən başlayaraq deyirik ki, sosial iş ölkədə yenidir və ona görə də  demək olar ki, çoxlarının məlumatı yoxdur və təhsili tam inkişaf etməyib və ədəbiyyat da yoxdur, bu sahədə həmin illərdən müsbət dəyişikliklər əldə olunsa da, bu fikirlər hələ də aktuallığını qoruyur.

“Necə iş tapmaq olar?”, “Bu sahədə harada çalışmaq olar?” “Bu sahədə necə uğurlu olmaq olar?”  kimi suallar da bu ixtisas haqda fikirləşən abituriyentləri, tələbələri çox narahat edir. Düzdür, ixtisas yenidir, ona görə bu suala cavablar ölkədə sosial iş üçün daha azsaylıdır. Ancaq bu hər sahədə olduğu kimi tələbənin özünü inkişaf etdirməyi və aktivliyindən asılıdır. Bu konteksdə sırf könüllü fəaliyyəti, təşəbbüskarlıq, daima yeniliklərlə çıxış etmək və dəyişmək, inkişaf etdirmək üçün çalışmaq çox önəmlidir,  ancaq danılmazdır ki, bu sırf sosial işə xas deyil, bütün ixtisas tələbələri bu fəaliyyət ilə məşğul ola bilərlər. Bir dəfə fokus-qrup müzakirəsində belə bir sual verilmişdi ki, “sosial işçi üçün vakansiyalar var və harada görmüsünüz? –mən bu suala axrıncı dəfə “Unicef Azerbaijan”da bu vakansiyanı gördüyümü bildirmişdim. Təbii ki, sosial iş uşaq müdafiəsi sahəsindəki fəaliyyətlə məhdudlaşdırılmır. Bu peşənin fəaliyyəti vacibdir və bir çox aidiyyəti qurum və təşkilatlarda sosial işçilərə ehtiyac var.

Əlbəttə bununla kifayətlənmir, ölkədə fəaliyyət göstərən “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) kimi və adı qeyd edilməyən bir neçə yerli, beynəlxalq təşkilatlarda müəyyən layihələr çərçivəsində də sosial işlə bağlı vakansiyalar görmək mümkündür.

Sosial iş ixtisasının təhsili üçün vacib məqamlardan biri də təhsilin professionallığı ilə bağlıdır. Bu cümləyə keçid edəndə belə bu günə qədər bu sahədə olan diskussiyaları, sosial iş deyəndə ən çox verilən sualları və düzgün formalaşmayan fikirləri yadıma sala bilirəm. Sosial iş deyəndə ən çox yayılan fikir və ya verilən reaksiyalardan biri də sosial fəaliyyətlə məşğul olan şəxsin sosial işçi hesab edilməsidir. Bu yanlış formalaşmış fikirdir. Sosial fəaliyyətlə müxtəlif ixtisas sahibləri məşğul ola bilər və onlar sosial işçi deyil, müəyyən sahədə aktivist hesab edilə bilərlər.

Eləcə də sosial iş sahəsi ilk dəfə formalaşan zaman (XIX əsr) xeyriyyəçilik ənənələri müəyyən rol oynasa da, nə qədər primitiv səslənsə də, sosial iş xeyriyyəçilik deyil, professional peşədir, xeyriyyəçiliklə istənilən şəxs məşğul ola bilər.

Sosial işçi kimi sosial iş üzrə ali təhsil almış şəxslər çalışa bilərlər və məhz onları biz sosial işçi adlandıra bilərik. Misal üçün, necə ki, hüquq təhsili olmayan şəxslər hüquqşünas kimi fəaliyyət göstərə bilməz. 

Növbəti qarşılaşdığımız “miflər” dən biri də sosial xidmətçi ilə bağlıdır, sosial işçi sosial xidmətçi deyil. Sosial xidmətçi ehtiyacı olan şəxslərə, həssas qruplara müəyyən mərkəzlərdə, evlərdə xidmət və qayğı göstərən şəxslərdir və bunun üçün sosial iş üzrə təhsilə ehtiyac yoxdur. Bununla bağlı hələ 2012-ci ildə “Sosial xidmət haqqında” AR-ın Qanunu qəbul edilmiş və bu məsələ qanunda da öz əksini tapmışdır.

Sosial işçinin fəaliyyət sahələrini qısaca açmaq üçün sosial işin hansı səviyyələrdə mövcud olduğu qeyd edilməlidir. 

Sosial iş 3 səviyyədə makro, mezo və mikro səviyyələrdəki fəaliyyətlə əhatə olunur. 

Makro səviyyədə sosial iş, geniş miqyaslı icma, dövlət, milli və beynəlxalq səviyyələrdə sosial ədalətsizliyin sistemli səbəblərinə əhatəli baxışı və bu səbəbləri həll edən müdaxilələrin inkişafını əhatə edir. Makro səviyyədə çalışan sosial işçi sahədə fərdlərin, icmaların problemlərindən məlumatlı olaraq, lobbiçilik edərək daha geniş miqyaslı proqramların (sosial siyasətlərin) hazırlanmasında fəaliyyət göstərir ki, burada da sahə təcrübəsi olan sosial işçilərin iştirakçılığı vacibdir. Mezo səviyyədə sosial işçilər daha çox kiçik qruplar olan icma qrupları, həmçinin ailələr ilə çalışır. Mikro səviyyədə fəaliyyət göstərən sosial işçilər isə fərdlərlə çalışır, mikro səviyyədə çalışan sosial işçilərə klinik sosial işçiləri aid etmək olar. Bu mənada mikro və mezo sosial iş səviyyələri bir-biri ilə oxşardır ki, həm mikro səviyyədə çalışan, həm də mezo səviyyədə çalışan sosial işçilər fərdlər və ya benefisiar qrupu ilə sıx işləyə bilərlər. Bu səviyyələr çərçivəsində sosial işçilər ailələr və uşaqlarla, zorakılığa məruz qalmış şəxslərlə, əlilliyi olan şəxslərlə, maddə asılılığı olan şəxslərlə, ahıllarla, ictimai səhiyyə sahəsində, məktəb sosial işçiləri kimi təhsil müəssisələrində, palliativ və hospis xidmətlərində çalışa və tədqiqatlar apara bilər və bütün bu qruplar üçün sosial müdafiənin təmin edilməsində ictimai müvəkkil kimi çıxış edə bilərlər.

  Müəllif: Leyla Məmmədxanlı, sosial işçi