PSİXOLOQ RUHƏNGİZ ƏHMƏDOVA İLƏ ONLAYN KONSULTASİYA

Hörmətli SİM Məzunları,

Sizin üçün Psixoloq Ruhəngiz Əhmədova ilə 30 dəqiqəlik onlayn konsultasiya xidməti təqdim edirik. Həftədə 2 dəfə Bazar Ertəsi və Çərşənbə olmaqla konsultasiya xidmətindən istifadə edə bilərsiniz. Konsultasiya xidməti ödənişsizdir.

Qeyd edək ki, hər bir məzun yalnız aydan 1 dəfə xidmətdən istifadə edə bilər.

Onlayn konsultasiyalar Zoom platformasında keçiriləcək.

“KLİYENTLƏRLƏ İŞ PROSESİNDƏ ŞƏXSİ İNKİŞAFIN ROLU” MÖVZUSUNDA VEBİNAR

SİM yeni vebinarını təqdim edir📣

“Kliyentlə İş Prosesində Şəxsi İnkişafın Rolu” mövzusunda vebinar keçiriləcək. Vebinarın təqdimatçısı psixoloq Ruhəngiz Əhmədova olacaq.

Vebinarın tarixi: 24 sentyabr 2022-ci il, Şənbə günü
Vebinarın saatı: 19:00 – 20:30 (1,5 saat)

Vebinar onlayn formada zoom platformasında baş tutacaq.

Vebinarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

AİLƏDAXİLİ MÜNASİBƏTLƏRİN PSİXOLOJİ ƏSASLARI

Sosial İş Məktəbi yeni vebinarını təqdim edir! ✅
“Ailədaxili Münasibətlərin Psixoloji Əsasları” mövzusunda baş tutacaq vebinarda iştirakçılar ailədaxili münasibətlər, onların psixoloji əsasları barədə nəzəri biliklər əldə edəcəklər. Vebinarın təqdimatçısı psixoloq Ruhəngiz Əhmədovadır.

Vebinarın tarixi: 3 sentyabr, 2022-ci il
Vebinarın saatı: 19:00 – 20:30

Vebinar Zoom platformasında həyata keçiriləcək.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfbc8kxEskIaG96eGXaJtT8WE0Cm-N2lEuVFHZD6p1CUf-6yg/viewform?embedded=true

ONLAYN KURS “AİLƏLƏRLƏ SOSİAL İŞ”

📣 SİM-in yeni bir onlayn kursunu sizə təqdim edirik 😍🥳

“Ailələrlə Sosial İş”

Bu kursu bitirən şəxslər “çətin vəziyyətlərdə fərdlərə və onların ailələrinə dəstək olmaq və həssas qrupların, o cümlədən uşaqların və əlilliyi olan şəxslərin zərərdən qorunmasını təmin etmək” kimi bilik və bacarıqlara sahib olacaqlar.

Ailələrlə sosial iş kursu 6 modul olmaqla 3 həftə davam edəcək. Kurs 11 – 27 iyul tarixlərində həftədə 2 dəfə olmaqla bazar ertəsi və çərşənbə günləri keçiriləcək.

Dərslərin müddəti 90+5 dəqiqə olacaq və saat 19:00 – 20:35-də keçiriləcək.

Kursun qiyməti: 39 AZN

Kursun müəllimi: Sosial iş üzrə mütəxəssis Gülnar Abbasova

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar diplomla təltif olunacaq.

Dərsin formatı:
Dərslər onlayn formada Zoom platforması vasitəsilə həyata keçirilir. Tələbələr dərsdən əvvəl günün mövzusu ilə bağlı mühazirəni e-mail vasitəsilə əldə edirlər.

Aşağıdakı qeydiyyat formasını doldurun, daha sonra SİM-in əməkdaşları növbəti addımlar üçün sizinlə əlaqə saxlayacaq:

“AİLƏLƏRLƏ SOSİAL İŞ” ONLAYN SEMİNAR

Sosial İş Məktəbi (SİM) cəmiyyətdə ən vacib mövzulardan biri ailələrlə sosial iş məsələsinə bu dəfə toxunacaq. SİM-in yeni onlayn şəkildə keçiriləcək seminarı “Ailələrlə sosial iş” mövzusuna həsr olunub.

Seminarda siz ailə nədir, ailənin funksiyaları, ailələrə müdaxilə prosesinin mərhələləri, ailələrlə sosial iş zamanı sosial işçinin əməl etməli olduqları dəyər və etikalar, ailələrlə sosial iş zamanı sosial işçinin bacarıqları kimi məsələlər haqqında öyrənəcəksiniz.

Seminar sosial iş üzrə mütəxəssis Gülnar Abbasova tərəfindən keçiriləcək.

Gülnar Abbasova – 2014-cü ildə Azərbaycan Dillər Universiteti bakalavr pilləsini, 2016-cı ildə Türkiyə Respublikası Hacettepe Universitetinin sosial iş ixtisası məzunudur. 2016-cı ildən Azərbaycan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universitetlərində dərs deyib. 2018-ci ildə Mevlana proqramı ilə Türkiyənin Hacettepe Universitetində 2 həftəlik tədris proqramı ilə dərs keçmək şansı qazanıb. Bu illər ərzində Gülnar həm Türkiyə, həm də Azərbaycanda sosial iş sahəsi ilə bağlı təcrübə imkanları qazanmışdır. 2017-ci ildə Nursultan və Bakı şəhərində beynəlxalq elmi məqalələri çap olunmuşdur. 2019-cu ildən etibarən Bakı SOS Uşaq Kəndlərinin sosial işçisidir. Pedaqoji fəaliyyətini 2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aparır.

Onlayn seminar iyunun 27-də tarixində saat 20:00 – 21:00-da keçiriləcək.

Seminarda iştirak ÖDƏNİŞSİZDİR!!!

Qeydiyyat linki:

ƏLİLLİYİ OLAN ŞƏXSLƏRLƏ SOSİAL İŞ TƏLİMİ

Sosial İş Məktəbi bu dəfə Baku Community Space ilə əməkdaşlıq çərçivəsində “Əlilliyi olan şəxslərlə sosial iş” mövzusunda təlim həyata keçirəcək. Təlim 24 May tarixində saat 19:00 – 21:00-da Baku Community Spacedə keçiriləcək. Təlimçi Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi İctimai Birliyinin sədri və əllilliy olan şəxslərlə iş üzrə mütəxəssis Gülnarə Pənahova olacaq.

Qeydiyyat linki: https://forms.gle/s1FanQzDtUnRDQCA9

Baku Community Space ünvanı: Bəşir Səfəroğlu Küçəsi 133, Bakı 1009

Qeyd: Təlim ÖDƏNİŞSİZDİR!

Əlavə sualınız olarsa, sosialishmektebi@gmail.com email ünvanına və ya @sosial_ish_mektebi instagram səhifəsinə yaza bilərsiniz.

SOSİAL İŞ MƏKTƏBİ MƏQALƏ VƏ BLOQ POST QƏBULUNU ELAN EDİR

Sosial İş Məktəbi olaraq sosial iş, sosial müdafiə, sosial tədqiqat və digər sosial sahəyə aid olan mövzularda məqalə və vebsayt üçün bloq postların qəbulunu elan edirik. Məqalələrinizi 28 may tarixinə qədər sosialishmektebi@gmail.com e-mail ünvanına göndərə bilərsiniz.

Məqalə və bloq post üçün tələblər:

  1. Məqalənin həcmi maksimum 1000 söz olmalıdır;
  2. Bloq postun həcmi isə maksimum 500 söz olmalıdır;
  3. Həm məqalə, həm də bloq post Azərbaycan dilində və aydın şəkildə yazılmalıdır.

Məqalələr və bloq postlar Sosial İş Məktəbinin redaksiya şurası tərəfindən yoxlanıldıqdan sonra vebsayta yerləşdiriləcək.

“SİM03: SOSİAL İŞƏ GİRİŞ – 4” ONLAYN KURS

İnstruktor: Lamiyə Rzayeva-Əhmədli

Email: sosialishmektebi@gmail.com

Kursun təsviri: 

Bu kurs professional sosial iş praktikasına ümumi baxışı əhatə edir. İştirakçılar kurs müddətində sosial iş peşəsinin tarixi inkişaf yolu, əsas dəyərləri və etik prinsipləri, əsas nəzəriyyələri və işlədiyi, əhatə etdiyi dairə haqqında məlumat alırlar. İştirakçılar həmçinin sosial xidmətin göstərilməsi, müxtəlif formaları ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnir, sosial işin səviyyələri və formaları haqqında bilikləri mənimsəyirlər. 

Kurs hər biri 90 (+5) dəqiqədən ibarət olmaqla 5 dərsi əhatə edir. Kurs müddətində tələbələr 5 mövzu və onlarla əlaqəli praktik tapşırıqları həll etməyi öyrənirlər. 

Kursun məqsədləri:

Professional sosial işin məzmunu, ilkin anlayışları və əhatə dairəsi haqqında nəzəri və təcrübi bilik və bacarıqların aşılanması.

Qiymətləndirilmə meyarı: 

Kursun sonunda sertifikatla təmin olunmaq üçün iştirakçılar aşağıdakı şərtlərə cavab verməlidir:

  1. Kursda iştirak (75%)
  2. Tapşırıqların yerinə yetirilməsi (25%)

Dərslərin formatı:

Dərslər həftədə iki dəfə olmaqla onlayn qaydada Zoom platforması vasitəsilə həyata keçirilir. Tələbələr dərsdən öncə günün mövzusu ilə bağlı mühazirəni e-mail vasitəsilə əldə edirlər. Dərs təkcə müəllimlərin mühazirələri deyil, eləcə də təqdimatlar, qrup işləri və mövzu ətrafında müzakirələrdən ibarətdir. Kahoot və Menti platformaları quizelərin və müzakirələrin keçirilməsi üçün istifadə olunur. 

Kursun məzmunu:

  1. Sosial iş nədir, Sosial işin dünyada və Qafqazda inkişaf tarixi 
  2. Sosial iş praktikasında istifadə edilən yanaşmalar və əsas nəzəriyyələr
  3. Sosial iş peşəsinin əsas dəyərləri və etik prinsipləri
  4. Sosial xidmətin prinsipləri, növləri, sosial işçilərin sosial xidmət təminatında yeri
  5. Keys menecment

Kursda iştirak meyarı: 

  • Kurs sosial iş ixtisası tələbələri və müəllimləri, sosial işçilər, sosial xidmət və sosial müdafiə sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

Qeydiyyat forması:

“UŞAQ RİFAHI VƏ UŞAQ İNKİŞAFI” MÖVZUSUNDA MİNİ TƏLİM

Sosial İş Məktəbi təqdim edir:

“Uşaq rifahı və uşaq inkişafı” mövzusunda mini təlim son dövrlərdə aktual olan mövzuları özündə əks etdirəcək. Təlimdə siz uşaq rihafı nədir, erkən uşaq inkişafı və onun mərhələləri, uşaq müdafiəsində sosial işçilərin rolu, necə effektiv uşaq rifah sistemi yaratmaq olar və s. bu kimi vacib mövzular haqqında öyrənəcəksiniz.

Təlimçilərimiz:

Xanbala Əhmədli – Sosial İş Məktəbinin həmtəsisşisi və sosial iş üzrə mütəxəssis. Xanbala Əhmədli sosial iş üzrə bakalavr, həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş üzrə magistr təhsilini Azərbaycanda almışdır. Hal-hazırda Almaniyanın Köln Universitetində Sosiologiya və Sosial Tədqiqat üzrə ikinci magistr təhsilini alır.

Ruhəngiz Əhmədova – Uşaq psixoloqu. Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində psixologiya ixtisası üzrə təhsil almışdır. 2005-ci ildən bəri praktik olaraq uşaqlar və ailələrlə işləyir.

Təlim nə vaxt keçiriləcək: 24 aprel saat 19:00 – 21:00

Təlimdə iştirak ödənişlidir: 1 nəfər üçün 15 AZN

Təlimdə iştirak edənlərə Sosial İş Məktəbi tərəfindən sertifikat veriləcək!

Qeydiyyat üçün @sosialishmektebi instagram səhifəsində DM-ə və ya sosialishmektebi@gmail.com email ünvanına yaza bilərsiniz.

SOSİAL SAHƏDƏ İŞ YOXSA SOSİAL İŞ?

Sosial sahədə iş yoxsa sosial iş?

Bu yazımda 2 istiqamətli söhbət olacaq. İlk olaraq, müxtəlif sferalarda qarşılaşdığım sosial işlə bağlı miflər və bunlara qeyd-şərtsiz inanan və özlərini bunlara inandıran insanlar, 2-ci sırada isə sosial sahədə işləyərkən əldə etdiyim təcrübələrlə bağlı yazacağam. Əvvəlcədən deyim ki, bu yazıda ixtisasçı olanları əsəbiləşdirəcək, lakin həqiqətən baş vermiş məsələlər olacaq. İlk cümləmdə qeyd etdiyim müxtəlif sferalar dedikdə iş mühiti, sosial mühit (bu mühitdə xüsusilə, tanışlarımla söhbət zamanı mənə aydın olan məsələləri aid edirəm) və digər sferaları nəzərdə tutmuşam.

Gəlin, etiraf edək ki, sosial işçilər olaraq ixtisasımız haqqında sıfır məlumatı olan insanların özgüvənli şəkildə ixtisasımız haqqında danışmaqlarına xeyli təəssüflənir və qəzəblənirik. Və bəzən elə situasiyalarla qarşılaşmışam ki, o cümlələr yaddaşıma yazılıb və inanmıram ki, o cümlələr yadımdan çıxa…

“Pediatriyanı bitirmişəm, sosial işçiyəm.”

Bəli, yuxarıdakı cümləni düz oxudunuz. Bu cümlə işlədiyim müddətdə sosial işçi vakansiyası ilə bağlı gələn müraciətlərin birində qeyd olunmuşdu. Amma bu cümlədə “pediatriya” sözü zamanla başqa müraciətlərdə başqa sözlərlə əvəz olundu. Məsələn: idarəetmə, pedaqogika, fəlsəfə və unutduğum digərləri. Hər bu halla qarşılaşanda qəzəbim 5 idisə, 10 olurdu. Lakin bu qəzəbdən bir nəticə çıxarmalı idim. Bu da məqsəd oldu. Hazırda məqsədim üçün bu məqaləni yazıram. Məqsədimi tam şəkildə ifadə etməliyəmsə, bu belədir: “Sosial işi düzgün şəkildə cəmiyyətə tanıtmaq”. Oxuduğum kitabların birində belə deyirdi: “ Hara aid olduğumu heç vaxt tapa bilmədim, amma hara aid olmadığıma qərar verdim”. Bu cümlə ilə məqsədimi əlaqələndirərək bildirmək istəyirəm ki, sosial işdə diletant (Hər hansı sahədə xüsusi hazırlığı, sistematikliyi olmadan məşğul olan adamlar diletant adlandırılır) şəxslərlə eyni mühitdə olmaqdan qaçmayacağam. Çünki bu asan yoldur, hansı mühitdə bu insanlarla qarşılaşmağımdan asılı olmayaraq, o mühitdə qalıb onlarla mübarizə aparmalıyam. Mübarizə aparmağım bəllidir ki, çox çətin və uzun prosesdir. Amma kiçik hədəflər qoymaq lazımdır. Buna görə də bu sahənin inkişafı üçün cəmiyyəti sosial iş barədə düzgün məlumatlandırmaq ilə bağlı işlər aparmalıyam.

Sosial işi sosial sahədə işdən fərqləndirən nədir? Məgər sosial iş sahədə iş görmür ki?

Bu sualları izahlı, addım-addım cavablamaq istəyirəm.

Sosial sahədə iş dedikdə sosial sferada lazımi nəzəri biliyi olmadan da könüllü şəkildə müxtəlif məqsədlərlə bağlı aparılan iş nəzərdə tutulur. Məsələn: Siz öz ətrafınızda olan tanışlarınız, dostlarınızla birgə müəyyən büdcə toplayaraq aztəminatlı ailələrə maddi dəstək göstərə bilərsiniz. Təbii ki, alqışalayiq addımdır. Lakin bu, sosial iş deyildir. Sosial işçi heç bir benefisiarına maddi dəstək göstərmir. Amma siz sosial işçi olaraq o situasiyada olsanız, ilk olaraq ailənin problemlərini – maddi, psixoloji, emosional, məşğulluq, əlillik, icmaya adaptasiya kimi məsələləri müəyyənləşdirər, ailəni lazımi istiqamətdə yönləndirər, bir növ səlahiyyətləndirmə xarakterli iş apararsınız. Amma bu göründüyü qədər bəsit və rahat deyildir.

Sosial iş varsa, bu işi görən sosial işçi varsa, onun məşğul olduğu məsələ və problemlər vardır. Unutmayaq ki, əgər bir problem varsa, biz ona yalnız mikro səviyyədə baxmamalıyıq. Mikro, mezo və makro səviyyədə işləyən sosial işçilər vardır və ya olmalıdır.

Mikro səviyyə: fərdi ehtiyacların və xüsusiyyətlərin nəzərə alınmasıdır. Yəni sosial işçi birbaşa benefisiarla kontaktda olur, fərdi ehtiyaclarını və şəxsin (ailənin) xüsusiyyətlərini qiymətləndirir. Müdaxilə planı hazırlayır. Bu məqamda haşiyədən çıxım ki, sosial işçi öz istəyi ilə heç bir şəxslə iş apara bilməz. Ən azından bu şərt bizim ölkədə belədir. Şəxs öz istəyi ilə sosial işçiyə müraciət edir.

Mezo səviyyə: Bu səviyyədə sosial işçinin fəaliyyət istiqaməti: qrup və ya icma əsaslı təşkilatlar. Məsələn: icma əsaslı reabilitasiya mərkəzləri.

Makro səviyyə: Bu səviyyədə sosial işçinin fəaliyyət istiqaməti odur ki, problemlərin həll edilməsi üçün cəmiyyət, qanunvericilik və ya sosial siyasət səviyyəsində işlər həyata keçirilir. Misal olaraq ahıl şəxslərin müdafiəsi üçün sosial proqramın hazırlanmağı kimi fəaliyyəti nümunə göstərmək olar.

Yuxarıda adı çəkilən səviyyələrdən ona görə danışdım ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gedərək ahıllarla vaxt keçirə, onlar üçün kitab oxuya və onlara dəyərinizi göstərə bilərsiniz. Bildirim ki, bunu edirsinizsə, bu sizin əsl insan olmağınızdan xəbər verir. Amma sosial işçi deyilsinizsə, elə bununla yetinin. Çünki sosial işdə belə bir prinsip var:

“Kömək edə bilmirsənsə, toxunma” – bu prinsip haqqında sosial işçilər məlumatlıdır. Çünki onlar bu işə dırnaqarası yox, professional yanaşırlar. Yuxarıda göstərilən ahıl şəxslərlə sosial iş məsələsində isə müdaxilə planı mikro, mezo, makro səviyyələrdə sosial işçilərin işidir.

​Bu yaxınlarda sosial mövzuların biri ilə bağlı təlimdə olarkən özünü sosial işçi kimi tanıdan, səthi məlumatlarla (Məsələn: 1) əlil yox, əlilliyi olan şəxs, 2) zorakılığın növlərini əzbərləmək kimi məlumatlar) özünü professional adlandıran şəxslərlə birlikdə diskussiyada idim. Və bir daha anladım ki, bu kimi insanlar təməl məlumatları olmaqla düşünürlər ki, sosial işin aşağıdakı metodlarını bilmədən də sosial işçi olmaq olar:

• Keys işi

• Sosial qrup işi

• İcma işi

• Sosial iş tədqiqatı

• Sosial rifah

• Sosial fəaliyyət

Təbii ki, yuxarıda sadalanan metodlar sadəcə bir nümunədir. Sosial işdə nəzəriyyələr, metodlar, etik prinsip və dəyərlər, sosial işçinin məsuliyyət və vəzifələri, sosial iş həyata keçirilən müxtəlif fokus qrupları ilə işin mahiyyəti, şəxslərin emosional, psixoloji vəziyyətləri və digər sahəyə aid olan nəzəri biliklərə sahib, kvalifikasiya olmadan sadəcə empatiya ilə sosial iş həyata keçirilə bilməz.

​Nə başınızı ağrıdım, bu məsələ ilə bağlı xeyli danışa bilərəm. Amma məqsədim həm bu sahədə diletantları azaltmaq, həm də sosial xidmət üçün müraciət edən vətəndaşın belə sosial xidmətçi və sosial işçi ilə fərqini anlamağıdır. Mən bu yolda təşəbbüs göstərib bu məqaləni yazaraq addımımı atdım, bu addımda bu məqaləni “Social Work Awareness” adı altında ətrafınızla paylaşaraq dəstək göstərmək isə oxuyanlara qalıb.

Müəllif: Nərmin Quluzadə, sosial işçi