SOSİAL İŞ MƏKTƏBİ TƏCRÜBƏ PROQRAMI 2022

Sosial İş Məktəbi Təcrübə Proqramı

ELANI

Sosial İş Məktəbi (SİM) gənc sosial işçilər və sosial iş tələbələri üçün təcrübə proqramı elan edir. Təcrübə proqramında iştirak edəcək sosial işçi və ya sosial iş tələbəsi aşağıdakıları əldə edəcək:

  • Sosial iş ilə bağlı nəzəri və praktiki təcrübə;
  • Sosial iş ilə bağlı kitabxanaya çıxış imkanı;
  • Sosial İş Məktəbinin komandası və ekspertlərinin bilik və təcrübəsindən faydalanmaq imkanı;
  • Yerli və beynəlxalq səviyyədə sosial işçilər ilə işləmək imkanı;
  • Akademik yazı, tədbirlərin təşkili sahəsində yeni bilik və bacarıqlar qazanmaq imkanı;
  • Yeni tanışlıqlar vasitəsilə netvörkünü inkişaf etdirmək imkanı və s.

Tələblər:

  • Sosial iş üzrə ən azı bakalvar dərəcəsi olmalı və ya ən azından sosial iş üzrə bakalavr tələbəsi;
  • Azərbaycan və ingilis dilində səlis danışmaq və yazmaq bacarıqları;
  • Təcrübədən səmərəli faydalanmaq üçün ədalətli, müstəqil işləmək və təşəbbüs və çeviklik nümayiş etdirmək bacarığı;
  • İlkin tədqiqat bacarıqlarının olması;

Təcrübəçi nə iş görəcək?

  • SİM kursları, onlayn və ənənəvi qaydada təşkil olunan seminarlarını təşkil edilməsində dəstək;
  • SİM sosial media hesablarının idarəedilməsi;
  • Kurslara qeydiyyatın aparılması və tələbələrlə işin, eləcə də operativ kommunikasiyanın təşkil olunması;
  • Sosial iş ekspertləri ilə əlaqələrin qurulması, SİM portalına məqalələrin cəlb olunması;
  • Tədbirlərin və görüləcək işlərin planlanmasının təşkili və nəzarət. 

Təcrübə müddəti: 7 ay

Necə müraciət etməli?

Təcrübə proqramı ilə maraqlanan namizədlər CV, motivasiya məktubu (250 söz ) və 1 dəqiqəlik videonu (1 dəqiqəniz olsaydı özünüz haqqında qarşı tərəfə nə deyərdiniz?) “SİM: Təcrübə Proqramı 2022” başlığı ilə sosialishmektebi@gmail.com email ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 10 May 23:59 2022-ci il

VALİDEYNLƏRİMİZ BİZƏ NƏYİ DEMƏLİ İDİ…

Sosial işin həll etdiyi problemlərin ən mürəkkəbləri artıq baş vermiş hadisələrin öhdəsindən gəlmək olsa da, qabaqlayıcı tədbirlər də paralel olaraq reallaşdırılır. Ailənin və valideynlərin həyatımızda rolu demək olar ki, qeyd- şərtsiz qəbul olunur. Amma biz onların bizim şəxsiyyət kimi formalaşmağımızda iştirakının miqyasını kifayət qədər dərk edirikmi? Məncə, tərəflərdən heç biri bu barədə ətraflı düşünüb tamlıqla fərqinə varmır. Tədqiqatlar göstərir ki, nəinki valideynlərin davranışı, hətta bətndaxili inkşaf zamanı hormonlar onun barmaqlarını formasından tutmuş, cinsi orientasiyasına kimi təsir edə bilir.

Valideynlərimiz bizə nə deməli idi?

Fikrimcə, valideynlərimiz bizə deməli idi ki, ailə qurmaq yaxşı bir şey deyil, heç pis bir şey də deyil. Nikahda olmaq bir prosesdir, lakin o, xoşbəxtliyi təmin edən bir şey deyildir. İstənilən şənlikdə, bayramda, toyda hər yerdə yaşımızdan asılı olmayaraq (subayların) hər birimizin eşitdiyi ifadə var “Toyunda!” Bəs həqiqətənmi toy hətta həkimlərin belə dediyimi kimi problemlərin həlli yoludur? Həqiqətənmi ailə uğur göstəricisidir? Həqiqətənmi nikah avtomobildə əl üstə əl qoyub foto çəkmək, birlikdə kafe, restoran gəzmək, uşaq ad günləri keçirmək və bir-birini nə qədər çox sevdiyini bildirən postlar paylaşmaq və s. -dən ibarətdir?

Valideynlərimiz çox yaxşı bilir ki, bu belə deyil. Lakin bu gözüyumulu pozitivə yönəltməkdən reallığı dərk etməyə fokuslanmağa gətirib çıxarmır. Bəlkə valideynlərimiz bizə deməli idi ki,

  • Özümüz öz problemlərimizi həll etməmiş nikah heç bir probelmimizi həll etməyəcək.
  • Nikah heç də bütün gün birlikdə vaxt keçirib əylənmək demək deyil
  • Nikah bütün məsələlərdə ortaq fikrə sahib olmaq deyil
  • Nikah əksinə bəzən daha çox öhdəlik, məsuliyyət və bundan doğan məhdudiyyətdir ( artıq dostunuzgildə 11 gün gecələyə bilməyəcəksiniz)
  • Nikah artıq yeni qaydalarla yaşamaqdır və s.

Bəlkə indiyə kimi nikahı yanlış anlamağımızın səbəbi elə budur? Niyə yuxarıda saladıqlarımız barədə heç kəs bizə heç nə demir? Tez-tez eşitdiyim məsələlərdən biri də yeni uşaq dünyaya gətirmiş xanımların subay xanımlara doğum prosesinin çətinlikləri barədə danışdıqda daha yaşlı xanımların buna etiraz etməsidir ki, “hər şeyi açıqcasına nəql etməyin, çünki xanımlar qorxar”. Bəlkə elə qorxması yaxşıdır? Bəlkə onda plansız, düzənsiz, sadəcə “ana olmaq” ideyası uğrunda doğulan uşaqların sayı azalar, böyük istək və arzu nəticəsində dünyaya gələnlərin sayı artar? Bu məntiq nikah məsələsində də işləyir. Heç kəs yeni bir insanla eyni evi paylaşmağın çətinliklərindən danışmaq istəmir. Bu isə heç də sadə, sıradan bir məsələ deyil ki, buna da “bütün problemlər həll olundu, qaldı bu” yanaşması tətbiq edək. Bu yanaşma yaranırsa, onda özümüzə sual verək bəlkə kortəbii nikah və qismən bu səbəbdən məmnun olmayan insanlar sayəsində dünyamızda bu qədər problem var.

Yazının məqsədi valideynləri günahkar, övladları isə qurban göstərmək deyil. Qurban müəyyən müddətdən sonra qurban kimi yaşamamağı özü qərar verə bilər. Məqsəd odur ki, qarşısı alınacaq sosial problemlərin meydana gəlməsindən özümüzü qorumağı öyrənək.

Tədqiqat keçirmədən belə iddialar irəli sürmək qeyri-peşəkar olsa da, fikrimcə, boşanmaların ciddi səbəblərindən biri də nikahın nə olduğunu dərk etməməkdir. Gözləntilər adekvat olduqda, nəticələr də daha az təəccüb doğurur. Əlbəttə, bütün hallardan sığortalanmaq mümkün deyil. Lakin sosial işçilərin durmadan mantra kimi təkrarladığı “maarifləndirmə” elementini bəlkə həqiqətən də bütün əhalinin “re-tərbiyəsinə” əlavə etmək lazımdır.

Əminəm ki, yazını oxuduqca bəzi insanlar məni dağılmaqda olan ailə institutuna qəsd edənlərdən biri hesab edəcək. Əgər belədirsə, lap əla. Çünki fikrimcə, mövcud olan ailə modeli (orta statistik) artıq özünü doğrultmur. Əgər indiyə kimi ailə institutu bir çox hallarda qadının əzilməsi və buna dözməsi əsasında mövduluğunu qoruyub saxlayırdısa, deməli onun formasını dəyişmək zamanı artıq gəlmişdir. Amma bu dəyişikliyin baş verməsi üçün elə əvvəldən qeyd olunan nikah anlayışının dərkində dəyişiklik baş verməlidir. Bu isə əsas sualı doğurur. Biz buna hazırıqmı?

  1. Nikahın yersiz romantikləşdirilməsinə son qoymağa- Nikahda olan və olmayan bütün müsbət cəhətlərin ona aid edilməsi.
  2. Nikahın xoşbəxtliyin ayrılmaz tərkib hissəsi olmadığını qəbul etməyə- Əgər nikahın belə fövqəladə sehirli gücü varsa, niyə ətrafımızda olan evlilərin hər biri özünü xoşbəxt hesab etmir? Deməli, nikahda olmayanlar birmənalı olaraq bədbəxtdirlər? Bəlkə nikah amli məhz bizə təlqin edildiyi üçün bu qədər zəruri məna kəsb edir? Bu nikahda olmayanlara qarşı diskriminasiya və yarlıq deyil?
  3. İndiyə kimi bildiklərimizin yanlış olduğunu etiraf etməyə- Yanıldığını, kənardan göründüyün kimi müdrik olmadığını etriaf etmək bəzən çətindir. Yanlış etdiyini etiraf etmədən onu düzəltmək isə demək olar mümkünsüzdür.
  4. Valideynlərimizin ötürdüyü modelin bizi qane etmədiyini etiraf etməyə- Ölkəmizdə valideyn kultu olduğu üçün onların göstərdiyi yolu getməmək, onlarla razılaşmamaq da cəsarət tələb edir. Vacib deyil ki, onların nikahında nəyi bəyənmədiyinizi ətraflı şəkildə izah edəsiniz. Onların bu barədə məlumatlanması bizə demək olar ki, heç bir nəticə vermir. Ancaq özünüz üçün düşünb qeyd götürmək sizi şüuraltının və sosial öyrənmənin əsirliyindən qurtara bilər.
  5. Ətraf mühitin bizim nikahımızdan gözləntisinin bizim təsəvvürümüzlə üst-üstə düşməməsinə- Bəlkə də çox sadə səslənən bu qeydi reallaşdırmaq həmişə asan deyil. Həyat yoldaşınızla gecə klubuna gedə bilərsinizmi? Həyat yoldaşınızın geyimi sosial nəzarətə uyğun olmaldırmı? Yoxsa qarşı tərəf “Stepfordlu həyat yoldaşı” olmaldır?
  6. Ən önəmli isə digərlərinin nikahlarını uyğun bildikləri kimi yaşamasına dözməyə. Öz davranış və nitqinizi təhlil etmisinizmi? Evli cütlüklərin bir-birinə qarşı hiss nümayiş etdirməsi, bəylərin mətbəxdə və təmizlikdə bacarıqlı olub xanımların isə bu barədə anlayışı olmaması, artıq çəkili xanım və çəki çatışmazlığı olan bəyin nikahı və s. kimdəsə gülüş və ya hər hansı emosiyalar yaradırsa, xəbərlər heç də yaxşı deyil.

Bütün sadaladıqlarımı yetkin yaşda düşünüb dünya görüşünə aid etmək, mənimsəmək daha mürəkkəb prosesdir. Çünki şəxsiyyətimizin bünövrəsi bir və ya iki ilə formalaşmır və biz bu prosesdə tam da müstəqil deyilik. Dünyanı bizlə tanış edən məhz valideynlərimizdir. Onlar bunu istəsə də, istəməsə də bu prosesin əsas qəhrəmanlarıdır. Düşünün, hətta onların olmamağı bizə müəyyən istiqamətdə təsir edir. Son qeyd nə qədər də acı təəssürat yaratsa da, əslində bir çox sualların cavabı, ən böyük tapıntı və eyni zamanda açardır.

Fikrimcə, valideynlərimiz bizə bunları da deməli idi:

  • Sənin xoşbəxtliyin heç kəsdən və heç nədən asılı deyil
  • Nikah sənin xoşbəxtliyinə xoş məqamlar,emosiyalar, anlar əlavə edə bilər
  • Nikahda da sən bizim övladımızsan
  • Nikahda həmişə ancaq “yaxş”ı və ancaq “pis” zamanlar olmur
  • Nikahda özünü nikahdan öncəkindən daha pis hiss edirsənsə, unutma, səni dəstəkləyən ailən var və s.

Müəllif: Tamilla Əlizadə, sosial işçi

 

 

 

 

 

SOSİAL İŞ HAQQINDA BİLMƏLİ OLDUQLARIMIZ

Bu yazıda sosial iş ixtisası üzrə bakalavr təhsili alan şəxs kimi ixtisas, daha doğrusu bu ixtisasda təhsil aldığım illərdə üzləşdiyim bir sıra məqamları bu ixtisası seçməyi fikirləşənlər, çox qərarsız qalan abituriyentlər və eyni zamanda 1-ci kurs tələbələri üçün bölüşməyə çalışacağam. Eyni zamanda sırf bu yazının qəlibi üçün bir balaca fərqli olsa da, ən çox üzləşdiyim və aktuallığını qoruyan məsələlərə toxunmağa çalışacağam. Qeyd etdiyim kimi fikirlərim spesifik olaraq daha çox bu ixtisası seçməyi fikirləşənlərə fokuslanıb. Qeyd olunanlarla yanaşı yazıda sosial iş ixtisasını seçmək istəyənlər və tərəddüd edənlər üçün heç bir təbliğat və ya anti-təbliğat aparılmamışdır.  

İlk əvvəl qeyd etməliyəm ki, bu yazı bir qədər fərqli istiqamətdə də yazıla bilər, mən isə subyektiv olaraq məqalənin hədəf qrupunu gözümdə canlandıraraq məhz ilkin bilməli olduğumuz vacib məqamları paylaşıram. Aşağıda oxuyacaqlarınızı yazan zaman bizim bunları dəfələrlə müzakirə etdiyimizi (bu sahədə təhsil alan şəxslərlə və.s) ona görə təkrar qeyd etməli olmadığımı hesab edirdim, amma daha sonra ixtisas haqqında məlumatı olmayan və bu ixtisas haqqında fikirləşən şəxsləri nəzərə alaraq yazını bir qədər sadələşdirmək və konkretləşdirmək  qərarına gəldim. 

“Sosial iş, praktikaya əsaslanan bir peşə, sosial dəyişikliyi və inkişafı, sosial birliyi və insanların gücləndirilməsi, səlahiyyətləndirilməsini təşviq edən bir akademik fəaliyyətdir. Sosial ədalət, insan hüquqları, kollektiv məsuliyyət və müxtəlifliyə hörmət prinsipləri sosial işin əsasını təşkil edir. Sosial elmlər, humanitar elmlər və yerli bilik nəzəriyyələri tərəfindən dəstəklənən sosial iş, insanları və strukturları çətinliklərin həllində və rifahı artırmaq üçün səfərbər edir.” Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən verilən bu tərifə əlavə olunur ki, tərifin miqyasını milli və regional səviyyədə genişləndirmək mümkündür.

Tərifi bir qədər ümumiləşdirsək, qeyd edə bilərik ki, sosial iş cəmiyyətin sosial rifahının yüksəldilməsinə yönələn peşəkar fəaliyyət növüdür (ixtisasdır). Sosial işçi-vətəndaşlarla dövlət qurumları, xidmətlər və mövcud resurslar arasında əhəmiyyətli rola malikdir. Sözsüz ki, bu təriflər, ümumi məlumatlar və nəzəri biliklər real təcrübələrin əhəmiyyətini kifayət qədər ifadə etmir. Məhz buna görə də ixtisas seçərkən əvvəlcədən bu haqda məlumat toplasaq belə, daxil olub davam etdirdikdən sonra özümüzü bu sahədə görməyə bilərik və bu normaldır.   

Mən Bakı Dövlət Universitetində Sosial İş üzrə bakalavr təhsili almışam. Təhsil almazdan əvvəl ixtisas barədə məlumatım var idi və buna əsasən bu ixtisası yazmaq qərarına gəldim. Amma bu haqda qismən məlumat heç də gələcəkdə üzləşəcəyimiz real təcrübələri əvəz edə bilmir, məhz buna görə daha geniş məlumat və hətta müxtəlif situasiyalarla üzləşmək lazım ola bilir. Sosial iş, sosial iş təhsili ilə bağlı təcrübələrim, öyrəndiklərim daha çox universitetdə təhsil aldığım müddət də daxil olmaqla  paralel olaraq iştirak etdiyim bir çox əlaqəli qeyri-formal təhsil növləri, Azərbaycan Sosial İş İctimai Birliyindəki fəaliyyətim, bu sahədə təhsil alan və peşəkar olaraq fəaliyyət göstərən mütəxəssislərlə əlaqələr vasitəsilə formalaşıb. Bütün bunlar çox əhəmiyyətli olaraq formal təhsildən daha çox istiqamət verib və yeni təcrübələr qazandırıb. 

Yadımdadır ki, 6-7 il əvvəldən başlayaraq deyirik ki, sosial iş ölkədə yenidir və ona görə də  demək olar ki, çoxlarının məlumatı yoxdur və təhsili tam inkişaf etməyib və ədəbiyyat da yoxdur, bu sahədə həmin illərdən müsbət dəyişikliklər əldə olunsa da, bu fikirlər hələ də aktuallığını qoruyur.

“Necə iş tapmaq olar?”, “Bu sahədə harada çalışmaq olar?” “Bu sahədə necə uğurlu olmaq olar?”  kimi suallar da bu ixtisas haqda fikirləşən abituriyentləri, tələbələri çox narahat edir. Düzdür, ixtisas yenidir, ona görə bu suala cavablar ölkədə sosial iş üçün daha azsaylıdır. Ancaq bu hər sahədə olduğu kimi tələbənin özünü inkişaf etdirməyi və aktivliyindən asılıdır. Bu konteksdə sırf könüllü fəaliyyəti, təşəbbüskarlıq, daima yeniliklərlə çıxış etmək və dəyişmək, inkişaf etdirmək üçün çalışmaq çox önəmlidir,  ancaq danılmazdır ki, bu sırf sosial işə xas deyil, bütün ixtisas tələbələri bu fəaliyyət ilə məşğul ola bilərlər. Bir dəfə fokus-qrup müzakirəsində belə bir sual verilmişdi ki, “sosial işçi üçün vakansiyalar var və harada görmüsünüz? –mən bu suala axrıncı dəfə “Unicef Azerbaijan”da bu vakansiyanı gördüyümü bildirmişdim. Təbii ki, sosial iş uşaq müdafiəsi sahəsindəki fəaliyyətlə məhdudlaşdırılmır. Bu peşənin fəaliyyəti vacibdir və bir çox aidiyyəti qurum və təşkilatlarda sosial işçilərə ehtiyac var.

Əlbəttə bununla kifayətlənmir, ölkədə fəaliyyət göstərən “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) kimi və adı qeyd edilməyən bir neçə yerli, beynəlxalq təşkilatlarda müəyyən layihələr çərçivəsində də sosial işlə bağlı vakansiyalar görmək mümkündür.

Sosial iş ixtisasının təhsili üçün vacib məqamlardan biri də təhsilin professionallığı ilə bağlıdır. Bu cümləyə keçid edəndə belə bu günə qədər bu sahədə olan diskussiyaları, sosial iş deyəndə ən çox verilən sualları və düzgün formalaşmayan fikirləri yadıma sala bilirəm. Sosial iş deyəndə ən çox yayılan fikir və ya verilən reaksiyalardan biri də sosial fəaliyyətlə məşğul olan şəxsin sosial işçi hesab edilməsidir. Bu yanlış formalaşmış fikirdir. Sosial fəaliyyətlə müxtəlif ixtisas sahibləri məşğul ola bilər və onlar sosial işçi deyil, müəyyən sahədə aktivist hesab edilə bilərlər.

Eləcə də sosial iş sahəsi ilk dəfə formalaşan zaman (XIX əsr) xeyriyyəçilik ənənələri müəyyən rol oynasa da, nə qədər primitiv səslənsə də, sosial iş xeyriyyəçilik deyil, professional peşədir, xeyriyyəçiliklə istənilən şəxs məşğul ola bilər.

Sosial işçi kimi sosial iş üzrə ali təhsil almış şəxslər çalışa bilərlər və məhz onları biz sosial işçi adlandıra bilərik. Misal üçün, necə ki, hüquq təhsili olmayan şəxslər hüquqşünas kimi fəaliyyət göstərə bilməz. 

Növbəti qarşılaşdığımız “miflər” dən biri də sosial xidmətçi ilə bağlıdır, sosial işçi sosial xidmətçi deyil. Sosial xidmətçi ehtiyacı olan şəxslərə, həssas qruplara müəyyən mərkəzlərdə, evlərdə xidmət və qayğı göstərən şəxslərdir və bunun üçün sosial iş üzrə təhsilə ehtiyac yoxdur. Bununla bağlı hələ 2012-ci ildə “Sosial xidmət haqqında” AR-ın Qanunu qəbul edilmiş və bu məsələ qanunda da öz əksini tapmışdır.

Sosial işçinin fəaliyyət sahələrini qısaca açmaq üçün sosial işin hansı səviyyələrdə mövcud olduğu qeyd edilməlidir. 

Sosial iş 3 səviyyədə makro, mezo və mikro səviyyələrdəki fəaliyyətlə əhatə olunur. 

Makro səviyyədə sosial iş, geniş miqyaslı icma, dövlət, milli və beynəlxalq səviyyələrdə sosial ədalətsizliyin sistemli səbəblərinə əhatəli baxışı və bu səbəbləri həll edən müdaxilələrin inkişafını əhatə edir. Makro səviyyədə çalışan sosial işçi sahədə fərdlərin, icmaların problemlərindən məlumatlı olaraq, lobbiçilik edərək daha geniş miqyaslı proqramların (sosial siyasətlərin) hazırlanmasında fəaliyyət göstərir ki, burada da sahə təcrübəsi olan sosial işçilərin iştirakçılığı vacibdir. Mezo səviyyədə sosial işçilər daha çox kiçik qruplar olan icma qrupları, həmçinin ailələr ilə çalışır. Mikro səviyyədə fəaliyyət göstərən sosial işçilər isə fərdlərlə çalışır, mikro səviyyədə çalışan sosial işçilərə klinik sosial işçiləri aid etmək olar. Bu mənada mikro və mezo sosial iş səviyyələri bir-biri ilə oxşardır ki, həm mikro səviyyədə çalışan, həm də mezo səviyyədə çalışan sosial işçilər fərdlər və ya benefisiar qrupu ilə sıx işləyə bilərlər. Bu səviyyələr çərçivəsində sosial işçilər ailələr və uşaqlarla, zorakılığa məruz qalmış şəxslərlə, əlilliyi olan şəxslərlə, maddə asılılığı olan şəxslərlə, ahıllarla, ictimai səhiyyə sahəsində, məktəb sosial işçiləri kimi təhsil müəssisələrində, palliativ və hospis xidmətlərində çalışa və tədqiqatlar apara bilər və bütün bu qruplar üçün sosial müdafiənin təmin edilməsində ictimai müvəkkil kimi çıxış edə bilərlər.

  Müəllif: Leyla Məmmədxanlı, sosial işçi

 

BİLDİYİN HƏR ŞEYİ ÖYRƏT!

Kimdən eşitdiyim yadıma gəlmir, amma heç vaxt ağlımdan çıxmayan bir cümlə var: “Başqalarına ötürmürüksə, sahib olduğumuz biliyin heç bir mənası yoxdur”. Təzə nə isə öyrənəndə qulağımda bu sözlər cingildəyir. 😊

Öyrətmək, bildiyimi ötürmək həvəsim özümdən də böyükdür. Hətta o qədər böyükdür ki, artıq ehtiyac səviyyəsinə gəlib çıxıb. Azərbaycanda yaşadığım müddətdə müxtəlif təlimlər, seminarlar vasitəsilə, eləcə də universitetdə işlədiyim müddətdə bu ehtiyacımı asanlıqla “ödəyə” bilirdim. Almaniyaya köçdükdən sonra həm özüm də tələbə olduğum üçün təkcə öyrənməyə fokuslandım, həm də bildiklərimi paylaşaraq çoxaltdığım mühitimdən uzaqlaşmış oldum. Sağ olsun onlayn təhsil, keçən semestrdən tədris həyatına geri dönə bilmişəm. Amma daha çoxunu necə edə bilərəm deyə düşünərkən, müzakirələr bizi sosial işçilər və sosial müdafiə işçiləri üçün də onlayn öyrənmə mənbələrinin olmamasına apardı.

Biz hərşeyoloq deyilik, ona görə ən yaxşı bildiyimiz, təhsilini aldığımız və təcrübə qazandığımız sahədən yazacağıq – Sosial iş Məktəbinin bütün paylaşımları sosial iş, sosial müdafiə, sosial siyasət, xidmətlər və bu sahədə aparılan tədqiqatlarla bağlı olacaq.

Ölkəmizdə sosial iş təhsili 15 ildir aparılır, bu müddətdə sosial iş, sosial müdafiə, sosial siyasət sahəsində dilimizdə ədəbiyyatın, tədqiqatın, məqalələrin, ixtisaslı mütəxəssislərin sayı kifayət qədər olmalı idi, lakin hələ də artan təkcə tədrisi aparan universitetlərin sayıdır. Bəzi universitetlərdə sosial iş proqramı bağlanmış digər proqramların yerinə açılıb, universitetlər isə müəllimlər işini itirməsin deyə onları sosial iş proqramlarında dərs deməyə cəlb ediblər. Sosial iş təhsili ilə əlaqəmiz olduğu son 10 il ərzində müşahidə etdiyimiz odur ki, peşəkar sosial işçi olmadan təhsil proqramı keyfiyyətli olmur. Başqa sahələrdə ixtisaslaşmış müəllimlər ya sosial işdə tədris etdikləri halda bu sahə üzrə özlərini inkişaf etdirmirlər, ya inkişaf etdirməyə vaxtları və imkanları yoxdur, ya da dilimizdə oxunulası materialın azlığı nə müəllimlərə, nə də tələbələrə özlərini inkişaf etdirməyə imkan vermir. Əslində ixtisaslı sosial işçiləri də universitetlərə cəlb etmək o qədər də asan deyil. Səbəblər isə uzun bir siyahı təşkil edir. Ona görə də biz sosial iş təhsilinin inkişafı üçün yol axtaranda belə bir dalana girmiş oluruq, bir dairənin içində dönürük, dönürük bir yerə çıxa bilmirik.

Bu platformanı yaratmağımızın məqsədi həm bu sahədə təhsil alanlar, həm müəllimlər, həm də sosial müdafiə, sosial xidmətlər sahəsində çalışan mütəxəssislərin özlərini daimi inkişaf etdirə bilmələri, vacib nəzəriyyələr, siyasətlər və s. haqqında dilimizdə məlumat ala bilmələrini təmin etməkdir. Biz tədris etdiyimiz müddətdə bütün mühazirələri dünyanın nüfuzlu universitetlərində istifadə olunan ədəbiyyatları istifadə etməklə tərtib edirik. Lakin iş elə gətirib ki, biz hələ heç bir universitetdə bir fənni iki dəfə tədris edə bilməmişik, ya universitetdən ayrılmaq məcburiyyətində olmuşuq, ya da növbəti il bizə başqa fənn tapşırılıb. Tərtib etdiyimiz mühazirələrin başqa müəllimlər tərəfindən istifadə olunub-olunmadığını bilmirik. Amma bütün materialların daha böyük auditoriyalara, daha çox insana çatmalı olduğuna inanırıq və həmin mühazirələrin hamısı bu platformada paylaşılacaq.

Əsas məqsədimiz isə hər zamanki kimi ölkəmizdə sosial işi inkişaf etdirməklə əhalinin daha keyfiyyətli, daha peşəkar sosial xidmət almasını təmin etməkdir. Sosial iş Məktəbi bu dənizdə bir damcı da olsa nə xoş!

Bu vebsayt və sosialishmektebi@gmail.com email adresi vasitəsilə bizə təkliflərinizi və rəylərinizi yaza bilərsiniz. Sizin təklif və rəyləriniz Sosial iş Məktəbini ehiyaclara əsaslanan platforma olmasına kömək edəcək.

Dağı tərpədən üçbucaq

 

Sosial müdafiə islahatları fənnində adını eşitdiyim və oxuduqca və uğur hekayələrini dinlədikcə bizim regionumuz, bizim ölkəmizlə əlaqələndirdiyim bir yanaşmanı sizinlə bölüşmək istəyirəm.

Gəlin əvvəla orada razılaşaq ki, bizim islahat aparmalı çox mövzumuz, çox sahəmiz var. Hələ mən təkcə sosial müdafiəni nəzərdə tuturam. Amma islahatlar o vaxt effektiv olur ki, onu nə etdiyini və nəticədə nə görmək istədiyini bilən adamlar icra etsinlər. Uğurlu islahat proqramları yaratmaq və ya onları icra etmək üçün isə bir neçə vacib biliyə yiyələnməliyik. Mənim fikrimcə onlardan biri də məhz Dağı tərpədən üçbucaqdır.

Burada Dağ – bizim həll etməyə çalışdığımız böyük problemdir (məs, yoxsulluq, səhiyyə xidmətlərinin çatışmazlığı, təhsilə əlçatanlığın az olması, əlilliyi olan şəxslərin məşğulluğu və s). Həmin dağı tərpədən üçbucaq isə 3 əsas amildən ibarət olan, həmin problem həll etməyə kömək edən yanaşmadır.  

İstənilən islahatın uğurlu olması onun icrasında 3 amilin iştirakını tələb edir: 1) Biliyin yaradılması – yəni mövcud problemlə bağlı tədqiqatların, araşdırılmaların aparılması, yeni faktların ortaya çıxarılması, başqa ölkələrin/icmaların/təşkilatların uğurlu və uğursuz təcrübələrinin öyrənilməsi nəzərdə tutulur. Fikir verdinizsə, biz başqalarının uğurlu təcrübələrindən əlavə, həm də nəyi necə edəndə uğursuz olduqlarını öyrənirik. 2) Vətəndaş cəmiyyətinin iştirakçılığı – yəni mübarizə apardığımız problemin həlli istiqamətində çalışan hamının bir-birilə əməkdaşlıq etməsidir. Məsələn, əgər həll etməyə çalışdığımız problem X kəndində Səhiyyə xidmətinin olmamasıdırsa, o zaman biz hamı dedikdə həmin kənddə fəaliyyət göstərən icma təşkilatlarını, kəndliləri, səhiyyə sahəsində təhsil almış şəxsləri və s. nəzərdə tuturuq; 3) Siyasi iradə – icra etdiyimiz və ya etmək istədiyimiz islahatın nə olmasından asılı olmayaraq, mütləq qərar vericilər problemin həllində maraqlı olmalıdırlar, eləcə də bu işdə qollarını çirmələyib digər maraqlı tərəflərlə birlikdə çalışmalıdırlar.

Günün sonunda isə bu 3 amil bir-birilə əlaqəli şəkildə işləyir. Yaranmış yeni bilik və ya faktlar vətəndaş cəmiyyətini hərəkətə gətirir, qərarvericilərə daha savadlı və effektiv qərarlar verməyə kömək edir, vətəndaş cəmiyyəti qərarvericiləri sözün yaxşı mənasında irəli itələyir, eyni zamanda daha çox araşdırmanın aparılmasına təkan verir.

Dağı tərpədən üçbucaq yanaşmasının adı gələndə məhz Tailand yada düşür. Thailan 1999-cu ildə xəstəlik-fokuslu səhiyyə sistemini qısa bir müddətdə sağlamlıq-fokuslu səhiyyə sisteminə çevirə bilib. Mövcud səhiyyə sisteminin ehtiyacları ödəməməsini üzə çıxaran tədqiqatlardan, vətəndaş cəmiyyətinin səsini ucaltmasından sonra Thailandın baş naziri islahat proqramının hazırlanmasında və icrasında şəxsən marağının olduğunu ifadə edir və həm hökumət, həm də parliament qarşısında islahatları dəstəkləyir. Beləcə də, hamının mümkün hesab elədiyi dəyişiklik baş verir, oturuşmuş, lakin işə yaramayan system dəyişir.

Mənbələr:

  1. T. Thamarangsi, The “Triangle That Moves the Mountain” and Thai Alcohol Policy Development: Four Case Studies, 2009
  2. P. Wasi, Triangle that moves the mountain, WHO, 2015, retrieved from: https://www.who.int/hrh/en/HRDJ_4_2_06.pdf
  3. The triangle that moves the mountain: nine years of Thailand’s National Health Assembly, 2008-2016

SOSİAL MÜDAFİƏ SİSTEMİNDƏ SOSİAL İŞÇİLƏRİN YERİ VƏ ROLU

Sosial müdafiə nədir?

BMT-in Sosial iş üzrə tədqiqat institutu sosial müdafiəni belə izah edir:

Sosial müdafiə insanların rifahına mənfi təsir edən hadisələrin qarşısının alınması, idarə edilməsi və aradan qaldırılmasını təmin edən mexanizmdir.

Hər bir dövlətin ən ümdə vəzifələrindən biri əhalinin sosial müdafiəsinin təminatıdır. Sosial müdafiə ilə təmin olunmaq insanın hüquqlarından biri olmaqla yanaşı həmçinin güclü dövlət quruculuğu, vətəndaş və dövlət arasındakı əlaqənin, inamın formalaşdırılmasında vacib rol oynayır.

Sosial müdafiə həmçinin yoxsulluq və bərabərsizliyin azaldılması, insan kapitalı və məhsuldarlığının artırılması ilə inklüziv inkişafın dəstəklənməsi, yerli bazarda təklifin artırılması və milli iqtisadiyyatın transformasiyasında və inkişafında həll edici rola sahibdir.

Beynəlxalq ədəbiyyata baxsaq, bir çox müəllifin sosial müdafiənin əsas vəzifəsinin yoxsulluğun aradan qaldırılması olduğunu hesab etdiyini görərik. Əvvəllər, iqtisadi inkişafla bağlı bütün siyasi diskursdakı yanaşma belə idi – əsas problem yoxsullardır, onlar olmazsa iqtisadi inkişaf baş verər. Müasir inkişaf paradiqmasına görə isə yoxsulların əsas problem deyil, əksinə iqtisadi inkişafa çatmaq üçün həll yoludur. Bir çox ölkə məhz sosial müdafiə proqramlarına sərmayə qoymaqla, yoxsulluğun qarşısının alınması və azaldılmasına fokuslanmaqla daha çox və sürətli iqtisadi inkişafa nail ola bilmişdir.

Yəqin ki, yoxsulluq xətti haqqında eşitmisiniz. Yoxsulluq xətti insanın minimum tələbatlarının ödənməsi üçün lazım olan maddi ehtiyaclara bərabər götürülür və əgər insanlar cəmiyyəti bir piramida kimi düşünsək, yoxsulluq xəttindən aşağıda olan insanlar yoxsul sayılırlar. Sosial müdafiə isə o xəttdən aşağıda olan insanları yuxarıya daşımaq, onları və yuxarıda olan digərlərini yoxsulluq xəttindən aşağı düşməməsini təmin edən proqram və xidmətlərin toplusudur. Bu proqram və xidmətlər həmçinin insanlara kömək edir ki, onlar həyatda üzləşdiyi bütün risklərin və şokların ödəsindən təkbaşına gəlsinlər və yoxsul olmasınlar. Bu risk və şokların ödəsindən təkbaşına gələ bilməyənlər üçün isə xüsusi sosial müdafiə proqramları olur ki, bu və digər risklə başa çıxmaq üçün insan dəstək ala bilsin.

Sosial müdafiəni kim təmin edir?

Mən tələbə olanda ilk dəfə bu sualı professorumdan eşidəndə “dövlət təmin edir” cavabını vermişdim. Daha sonralar öz tələbələrimdən də bunu soruşanda demək olar ki, hamı “dövlət təmin edir” və “dövlət təmin etməlidir” cavabını veriblər.  Düzdür, sosial müdafiəni təmin etmək dövlətin başlıca vəzifəsidir, lakin sosial müdafiə proqramları və xidmət eyni zamanda qeyri-hökumət təşkilatları (və ya vətəndaş cəmiyyəti təşkilatları), icma qurumları və biznes qurumları (sığorta şirkətləri, nəhəng işəgötürən şirkətlər), dini təşkilatlar (eləcə də məscid, kilsə və s.), icma, qohumlar tərəfindən də təmin edilə bilər.

Sosial müdafiə nəyə lazımdır?

Başımıza gələcək bəzi risk və şoklarla təkbaşına mübarizə aparmaq mümkün deyil. Bir çox hallarda bu mövzuda bütün müdaxilələr məhz kollektiv əmək tələb edir. Məsələn, sığorta sistemi qurmaq üçün mütləq qrup şəklində insan lazımdır, tək bir nəfər üçün sığorta sistemi yaratmaq mümkün deyil. Bəzi sosial müdafiə mexanizmləri kollektiv şəkildə daha effektiv olur. Məsələn, yas və ya toy zamanı yoxsul ailələrə maddi yardım. Bu ümumiyyətlə çox qədim tarixə malik olan sosial müdafiə mexanizmidir. Əsrlər boyunca icmalarda yas və toy zamanı, eləcə də başqa vacib hadisələr zamanı ev sahibinə dəstək olmaq məqsədilə icma üzvləri maddi və ya qeyri maddi yardım edirlər (pul verirlər, ərzaq məhsulları verirlər). Başqa bir misal, bəzi riskdən müdafiə alətlərini yaratmaq tək bir şəxsin marağı və gücü xaricində ola bilər, məsələn hava praqnozu mexanizmi, çayın daşmasının zərərini azaltmaq üçün qurulan bəndlər, torpaq sürüşməsinin qarşısını almaq üçün qurulan terraslar və s. hər biri ictimai bir əmtəədir və onları yaratmaq bir kollektivin işi və marağı daxilindədir.

Yəni, sosial müdafiə təkcə yoxsulluq və işsizlikdən qorunmaq üçün deyil, eləcə də insanları yoxsullaşdıracaq bütün risklərin (əllillik, təbii fəlakətlər, müharibələr, qarşısını almaq üçün lazımdır.

Sosial müdafiənin strukturu necədir?

Sosial müdafiə dedikdə ağla ilk gələn məşğulluq xidmətləri, müavinatlar və pensiyalar olsa da əslində sosial müdafiə olduqca geniş əhatə dairəsinə malikdir. Sosial müdafiə insanları xəstəlik (sağlamlıq sığortası, müvəqqəti işdən uzaqlaşmağa görə müavinat, işəgötürənin hesabına məzuniyyət hüququq), əlillik (müavinatlar, ortopedik ləvazımatlar, sosial evlər və s), işsizlik (müavinat, işsizlikdən sığorta, məşğulluq xidməti və s.), yaşlılıq (pensiya, sosial evlər, baxım evləri, günərzi qayğı mərkəzləri, məişət xidmətləri və s.), ölüm (ailə başçısını itirməyə görə müavinatlar, bəzi ölkələrdə yas müavinatı və s.), təbii fəlakətlər zamanı dəstəkləyir (eləcə də onların potensial şoklarından qoruyur, insan kapitalına yatırım edir (təlim, ixtisaslaşma və s.), yoxsulluqdan müdafiə edir və yoxsulluqdan çıxartmağa çalışır.

Sosial müdafiə proqramları necə maliyyələşdirilir?

Sosial müdafiə əhalinin vergiləri, sosial ayırmalar, beynəlxalq və yerli maliyyə qurumlarının ianə və qrantları, maliyyə kreditləri hesabına maaliyyələşdirilə bilər.

Sosial işçilər sosial müdafiədə hansı rolu oynayırlar?

Sosial işçilərin zəngin bilik və bacarıqlar bazası onları sosial müdafiə sisteminin açar fiqurlarından biri edir. Onlar xidmətlərin həssas təbəqəyə çatdırılmasında, əhalinin bütün mövcud sosial müdafiə proqramları haqqında maarifləndirilməsində, ehtiyacların müəyyənləşdirilməsində, sosial müdafiə proqramlarının dayanıqlılığının təmin edilməsində, əhali arasında həmrəyliyin artırılmasında, eləcə də ən həssas əhali qrupları üçün müvəkkilliyin həyata keçirilməsində iştirak edirlər. Onlar həm qərarvericilik həm də əhali ilə bir başa işdə vacib yer tuturlar.

Ədəbiyyat siyahısı

  1. Bonilla Garcia and Gruat, Social Protection, ILO, Geneva, 2003 retrieved from https://www.ilo.org/public/english/protection/download/lifecycl/lifecycle.pdf
  2. Chicon et al, Financing Social Protection, ILO, 2004, retrived from
  3. The role of socıal work ın socıal protectıon systems: the unıversal rıght to socıal protectıon, IFSW, 2016 retrived from https://j8g.short.gy/omd4Wt